Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 15:46
Bu gün Göyçay rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni inşa edilmiş mənzillərin açarları təqdim olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Göyçay rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova iştirak ediblər.
Qeyd edilib ki, bu gün 10 rayonda (Göyçay, Daşkəsən, Gədəbəy, Saatlı, Kürdəmir, Quba, Salyan, Şəmkir, Qazax, Ağdaş) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 28 yeni fərdi yaşayış evi təqdim olunub.
Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onların artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. İndiyədək isə Nazirlik tərəfindən 8451 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri erməni faşizmini məhv edən Ordumuzun misilsiz rəşadətindən və dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi yazılan böyük Qələbəmizdən fərəh və qürur hissi ilə bəhs ediblər. Onlar bu parlaq Qələbəyə və həssas qruplara göstərilən yüksək qayğıya, bu gün yeni evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.