Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 15:54
Fransa Senatında qəbul edilən "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qətnamə layihəsi qərəz üzərində qurulan, reallıqdan uzaq, islama və türklərə qarşı yönələn bir qətnamədir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın Ali Orqanının belə bir qətnamə ilə çıxış etməsi müaqişənin bu zamana qədər uzanmasında bəzi qaranlıq məqamlara aydınlıq gətirir:
"Qətnamədə irəli sürülən şərtlər bir daha göstərir ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa 30 ilə yaxındır bizə münaqişənin sülh yolu ilə həllinə alternatıv yol olmamasını aşılamaqla həm də dolayısı yolla işğala don geyindirmiş və bizim ərazi bütövlüyümüzə hörmətsizliklə yanaşmışdır. Qətnamədə 30 ildə nəticə verməyən sülh danışıqlarının bərpa edilməsi və BMT-nin Təhlükəsizlik Şurasının Qətnamələrini icra etməyən Ermənistanı buna məcbur etmədiyi halda təmas xəttinin 1994 cü il vəziyyətinə qaytarılması tövsiyə edilir.
Qətnamədə həm Azərbaycan həm Türkiyə bir başa hədəf alınır. Bundan əlavə qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən son illərdə Fransa, Avropa və digər ölkələrə qarşı təxribatların, hədə-qorxu və təhdidlərin sayı artıb. Senatorların hansı statistikaya və nəyə əsaslanıb belə qərar qəbul etmələri təəccüb doğurur. Fransa senatorları bilmirlərmi ki, Suriya məsələsində Avropa, o cümlədın Fransa qapılarını bağlayan zaman Türkiyə 1 milyondan artıq Suriyalı qaçqına öz ölkəsində sığınacaq verdi? Və yaxud reallıqda müasir dövrdə Türkiyənin dünyada artan nüfuzunu həzm edə bilmirlər?
Gələk digər məsələyə. Qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi dünyanın, Qafqazın və Yaxın Şərqin iki qeyri-sabit regionunun sərhədlərində baş verir və bu münaqişə də regional fövqəldövlətlərə təsir edəcək gərginləşmə riskini özündə daşıyır. Azərbaycan tərəfi olaraq dəfələrlə bəyan etmişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini sülh prinsipi ilə, qan tökülmədən həllinin tərəfdarıdır və biz bunu 27 ildir nümayiş etdirdik. Bəs nəticə nə oldu? Fransanın da təmsil olunduğu bu qrup boş və mənasız bəyanatları ilə düz 30 ildir ki, münaqişəni nizama sala bilmir, işğalçıya təsir göstərə bilmirlər və yaxud da istəmirlər. Belə olan halda biz öz tarixi, dədə-baba torpaqlarımızı işğalçılardan, terroristlərdən təmizləmək üçün kimdənsə icazə almalıyıq?".
İ.Yusifov onu da bildirib ki, qətnamə erməni lobbisinin təsiri ilə hazırlanıb. Onun sözlərinə görə, bu qətnamənin heç bir hüquqi əsası yoxdur: "Artıq Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Xarici İşlər Nazirliyi bəyanata sərt mövqe nümayiş etdiriblər. Milli Məclisdə Senatın qərarına etiraz bəyanatı qəbul olunub. Düşünürəm ki, ümumilikdə belə bir kağız parçası iki ölkə arasına olan münasibətlərə xələl gətirməkdən başqa məqsədə xidmət etmir. Fransa münaqişə başlanan gündən öz ermənipərəst mövqeyini ortaya qoyub. Bu isə son deyil. Bütün bunları nəzərə alıb Azərbaycan-Fransa münasibətlərinə yenidən baxmalıdır".