Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 21:12
Payız və qış aylarında havaların soyuması, immunitetin zəifləməsi ilə əlaqədar virus və infeksion blefarit, konyunktivit, keratit xəstəliklərinə daha tez-tez rast gəlinir. İmmunitet hər hansı bir səbəbdən zəiflədikdə gözün selikli qişasında olan bakteriyalar iltihab törədə bilərlər. Məhz buna görə qrip virusuna yoluxmuş xəstə orqanizmdə konyunktivitə rast gəlinir. Bəzən konyunktivit, yaranması immun sistemin zəifləməsinin ilk siqnalı və ya digər xəstəliklərin başlanğıc əlaməti kimi də təzahür edir.
Bunu oftalmoloq, tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının həkimi Aynurə Əliyeva deyib.
Onun sözlərinə görə, konyunktivit xəstəliyi istənilən yaş qrupunda müşahidə olunur. İstər körpə uşaq, istər cavan, istərsə də yaşlı orqanizmlərdə bu xəstəlik adətən eyni əlamətlərlə keçir: "Gözlərdə qızartı, qaşıntı, ödem, gözlərdə qum hissi, sulanma, yaşaxma, səhərlər qapaqların ifrazatla yapışması, ağrı, bəzən hətta görmədə zəifləmə kimi şikayətlərlə büruzə verir. Qapaqların iltihabı ilə keçən hallarda blefarokonyunktivit,buynuz qişa iltihabı ilə keçən hallarda isə keratokonyunktivit adlandırılan patologiya daha da kəskin keçir.
Törədicisindən asılı olaraq 3-7 gün ərzində iltihab prosesi başlayır. Belə hallarda iltihab törədən hüceyrələri bir növ "yumaq" üçün reflektor olaraq göz yaşı ifrazı artır və gözlər xəstəlik zamanı sulanır. Gözlərə yardım məqsədilə tez-tez istifadə etmək şərtilə süni göz yaşı damcıları təyin olunur. İltihab prosesi kəskinləşdikdə, qızartı, ödem, gözdə "qum hissi", ifrazat, yuxudan sonra qapaqların yapışması kimi əlamətlər yarandıqda isə müalicəyə antibakterial, virus əleyhinə və qeyri-steroid iltihab əleyhinə preparatlar əlavə olunur. Bəzi hallarda sistematik müalicə təyini tələb olunur".
Oftalmoloq bildirib ki, konyunktivitlər görmənin kəskin zəifləməsinə səbəb olan buynuz qişa zədələnməsi- keratitlərlə, qulaq ətrafı limfa düyünlərinin şişməsi-adenopatiya, konyunktiva "çapıqlarıyla", qapaq defektləri ilə və s. ağırlaşa bilərlər. Düzgün müalicə, şəxsi gigiyena və izolyasiya qaydalarına riayət olunduqda xəstəlikdən qısa vaxtda sağalmaq olar. Xəstəliyə heç yoluxmamaq üçün isə immun sistemi qorumaq, düzgün qidalanmaq və yenə də şəxsi gigiyena qaydalarına riayət etmək kifayətdir. Bu xəstəliklərin əlamətlərini hiss etdikdə dərhal oftalmoloqa müraciət etmək lazımdır.