Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 22:15
Payız həm də meyvələrin ən bol olduğu mövsümdür. Bol vitamin, minerallar və faydalı maddələrlə zəngin olan meyvələr orqanizmimizi möhkəmlətmək, qışa hazırlamaq üçün çox vacibdir. Bəs hansı meyvələr daha faydalıdır? Payızda hansı meyvələri yemək daha vacibdir?
Xurma
Bir porsiya xurmada 55 faiz A vitamini, 6 qram lif, 30 faiz maqnezium var və cəmi 118 kalori təşkil edir.
Armud
Yüksək xolesterin probleminin öhdəsindən gəlmək üçün armud ən təbii vasitə sayılır. Liflərlə zəngin olan armud, həm də şəkər ehtiyacını ödəyir.
Alma
Antioksidantlarla zəngin olan alma payızın əvəzolunmaz meyvələrindən biridir. Payızda qırmızı, yaşıl və sarı rəngli almaları qabıqlı halda çox qəbul etmək tövsiyə olunur.
Nar
Bu meyvə bizi payız və qışda viruslardan qorumaq üçün qalxan rolunu oynayır.
Əncir
Əncir mövsümü yayın sonlarında başa çatsa da, payızda ən çox onun qurusu və ya əncirdən hazırlanan mürəbbədən istifadə olunur. Onlar da təbii şəfa mənbəyi sayılır.
Naringi
Bu meyvə payız-qış mövsümünün simvollarından biri hesab olunur. C vitamini ilə zəngin olan narıngi viruslardan qorunmaq, immuniteti möhkəmləndirmək üçün ən yaxşı təbii vasitələrdən birdir.
Qreyfrut
Eyni sözləri bu meyvə haqqında da demək olar. Dadı şirin, xoşagələn olmasa da, orqanizmin immun sisiteminin möhkəmlənməsi üçün ən çox tövsiyə olunan məhsuallardan biridir. Artıq çəkidən qurtulmaq istəyənlər üçün də qreyfrut ideal məhsul sayılır.
Zoğal
Yayın sonlarında yetişən zoğal payız-qış mövsümü üçün qurudulur, eləcə də mürəbbə, kompot tədarükü görülür. Zoğal qripin, soyuqdəymənin dərmanıdır, onun mürəbbəsinin hər evdə olması tövsiyə edilir. Zoğal həm də sidik yolu infeksiyaları üçün çox faydalı sayılır.
Balqabaq
Həm tərəvəz, həm də meyvə sayılan bu məhsul ən müalicəvi təbii nemətlədən biridir. Vitamin, mineral anbarı sayılan balqabaq hüceyrələrin yenilənməsi üçün əvəzsiz məhsullardan biridir.
Heyva
Payızı heyvasız təsəvvür etmək mümkün deyil. Heyvanın tərkibində bol C vitamini var. Heyva həm də immunitet sisteminizi gücləndirərək allergik reaksiyaları aradan qaldırmağa kömək edir. Şişkinliyə və bədəndə su yığılmasına qarşı əla bitki mənşəli vasitədir. Payızda ondan həm təzə halda, həm də mürəbbə, cem, kompot kimi yararlanmaq lazımdır.
Kivi
Tropik meyvə olan kiviyə ilin bütün fəsillərində rast gəlinsə də, yüksək səviyyədə C, K və E vitaminləri, liflə zəngin olan bu meyvənin payızda da qəbul olunması çox faydalı sayılır.