Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AŞF FİDE-yə müraciət ünvanlayıb

AŞF FİDE-yə müraciət ünvanlayıb

Tarix: 5 Dekabr 2020 17:12

Bakı. Trend:

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi və milli komandanın üzvləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadiy Dvorkoviç eləcə də FİDE-nin üzvü olan 190 ölkənin şahmat federasiyasına müraciət ünvanlayıb.

Federasiyadan Trend-ə verilən məlumata görə, müraciətdə bildirilib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladı. 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri işğal altında olan şəhərləri, qəsəbə və kəndləri azad etdi. Noyabrın 10-da isə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasınınbaş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları bəyanat nəticəsində münaqişənin hərbi mərhələsi başa çatdı və münaqişənin həlli diplomatik müstəviyə keçdi. Heç kimə sirr deyil ki, Azərbaycan həmişə tolerant ölkə olmuşdur və ölkəmizdə çox sayda xalqların yaşaması bunu təsdiqləyir. Prezident İlham Əliyev müsahibələrində də həmişə vurğulayır ki, Azərbaycan xalqı çox xeyirxah xalqdır: “Məhz ona görə Azərbaycanda digər xalqların nümayəndələri sülh, barış və ləyaqət içərisində yaşayır. Ona görə də mən əminəm ki, ermənilər və azərbaycanlılar o bölgələrdə də bir yerdə yaşaya bilərlər. Necə ki, Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda yaşayırlar”.

Azad olunmuş şəhərlərdə şahmat idman növünə diqqət həmişə böyük olmuşdur. Təəssüf ki, Ermənistanın işğalı nəticəsində Zəngilanda, Qubadlıda və Kəlbəcərdə çoxsaylı şahmat məktəbləri tamamilə dağıdılmışdır. İşğala qədər Zəngilan rayonunda idmanın futbol, voleybol, yüngül atletika — xüsusilə şahmat növü geniş yayılmış və inkişaf etmişdir. Təbii ki, işğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 42 rayonuna səpələnmiş və bu hal təbii olaraq bütün sahələrə olduğu kimi, idman sahəsinə ciddi zərbə vurmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, dünyanın məşhur şahmatçısından biri, Azərbaycan yığmasının üzvü, üçqat Avropa çempionu, yaxın illərdə FİDE reytinqində 2800-dən yuxarı reytinqə malik olan Şəhriyar Məmmədyarov Zəngilan rayonunda anadan olmuşdur. Ş.Məmmədyarovun bacıları Zeynəb və Türkan Məmmədyarovalar da Zəngilan rayonunun sakinləridilər.

İşğaldan azad edilmiş Qubadlı və Kəlbəcər rayonlarında da güclü şahmat məktəbi fəaliyyət göstərmişdir. Sərxan və Loğman Quliyev qardaşları məhz azad edilmiş Qubadlı rayon sakinləridirlər. Kəlbəcər rayonunda şahmat məktəbləri də say baxımından fərqlənmişdir. Təəssüf ki, Dağlıq Qarabağ və ona bitişik ərazilərdə fəaliyyyət göstərən şahmat məktəbləri işğal nəticəsində tamamilə məhv edilmişdir. Bir düşünün: Ermənistan işğalı olmasa idi, həmin ərazilərdə istedadlı şahmatçılar yetişə bilərdilər? 30 illik işğal həm də dünya şahmat ictimaiyyətinin itirdiyi dövr kimi qiymətləndirilməlidir. Əlbəttə, indi işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına qayıdacaq. Cəmiyyət həyatının digər sahələri kimi, şahmat sahəsi də dirçəldiləcək, bəşəriyyətin ən müdrik oyunlarından biri olan şahmatın sevilməsi və öyrənilməsi üçün məktəblər inşa olunacaq və istismara veriləcək. Azərbaycan xalqı məhz bu əzmlə yaşayır.

Müraciətdə bəzi erməni şahmatçıların separatizmi dəstəkləyən hərəkətlərə yol verdiyi qeyd olunub. Bu şahmatçılar arasında erməni qrossmeyster Levon Aronyanın olması barədə məlumat verilib.

Xatırlatmaq istərdik ki, 2015-ci ildə Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda Ermənistan şahmatçıları da iştirak edib və Azərbaycan təşkilatçılarının yüksək qonaqpərvərliyinin şahidi olub.


Etiketlər:  AŞF FİDE müraciət ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ