Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 20:52
Bakı. İlhamə İsabalayeva – Trend:
İşğaldan azad edilmiş ərazilərin təhlükəsizliyi təmin olunduqdan və əsas magistral yollar çəkildikdən sonra Qarabağa böyük yerli turist axınının olacağı gözlənilir. Hazırda Qarabağımızın potensial 10 milyon nəfər yerli turisti var.
Bunu Trend-ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.
Hər kəsin səbirsizliklə müqəddəs torpaqlarımızı görmək gününü gözlədiyini deyən F.Hacıyev hesab edir ki, ölkə sakinlərindən başqa xaricdə yaşayan həmvətənlərimiz də bu siyahıya əlavə edilərsə, yaxın illərdə Qarabağ regionu Azərbaycan turizmində öz hegemonluğu ilə seçiləcək.
Ekspertin fikrincə, Şuşa şəhəri Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq:
“Əminəm ki, yaxın illərdə ölkəmizə səfər edən xarici turistlərin böyük bir qismi Qarabağ turuna qoşulmadan ölkəni tərk etməyəcək. Təkcə Şuşadakı “Çətir” şəlalələri hamını oraya getməyə sövq edəcək. Bizi eyni zamanda qış turizmi istiqamətində də yeni marşrut gözləyir. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkan olacaq”.
Qarabağda turizmlə bağlı bir çox layihələrin icrasısını mümkün sayan F.Hacıyev bildirib ki, Qubadlıda Həkəri çayı boyunca bir sıra gözəl istirahət mərkəzləri tikilə bilər. Yaxın zamanlarda Kəlbəcərdə - İstisuda da 5 ulduzlu hotellərin, sanatoriyaların tikilməsi mümkündür. İşğaldan azad olunmuş bütün şəhər və rayonlarda turizm infrastrukturu bir-birinə bağlı olaraq qurulacaq”.