Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 13:54
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda iki formada yazılan kənd adlarının düzgün yazılış qaydası müəyyən edilir.
Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Trend-ə bildirib ki, iki cür yazılış forması olan 20-dən çox kənd adı var. Bu kənd adları Azərbaycanın müxtəlif rayonlarına aiddir ki, onların da arasında Qarabağ bölgəsinə aid olanlar çoxluq təşkil edir:
“Bəzi kənd adları Azərbaycan dilində iki cür yazılır. Məsələn, Mahrızlı və ya Mahmızlı, Nüzgar və ya Nüzgər, Fərrux və ya Farrux kimi yazılır. İndi məqsəd iki cür yazılış forması olan belə toponimlərin doğru olanını müəyyən etməkdir. Toponimlərlə məğşğul olan dilçi alimlər bu kəndlərin düzgün yazılışını müəyyən etdilər və coğrafiyaşünas alimlər də buna öz münasibətini bildirdilər. AMEA-nın İctimai Elmlər bölməsindəki işçi qrupundakı mütəxəssislərlə birlikdə bunu müzakirə etdik və son variantı Milli Məclisin müvafiq şöbəsinə göndərdik. Bu məsələyə plenar iclasda deyil, işçi qaydasında baxılacaq. Çünki bu, kəndin adının dəyişməsi deyil, onun düzgün yazılışının müəyyən edilməsi prosedurudur”.
İ.Həbibbəyli qeyd edib ki, kəndlərin düzgün yazılış forması müəyyən edilərkən alimlər tarixi psinsipləri nəzərə alıblar:
“Elə adlar var ki, onlar müasir orfoqrafiya əsasında yazılmalı deyil. O kəndin tarixi adı necə təsbit olunubsa, o formada yazılmalıdır. Adlar müəyyən edilərkən bu elementlər nəzərə alınıb”.
Qeyd edək ki, Trend kənd adlarının düzgün yazılış formasının təsbit edildiyi siyahını da əldə edib. Həmin siyahını təqdim edirik:
Ağdam rayonu- Mahrızlı
Cəbrayıl rayonu – Nüzgər, Qovşudlu, Dəcəl
Füzuli rayonu- Govşatlı
Xocalı rayonu- Farux, Ulubab
Xocavənd rayonu- Tuğ, Şexer
Kəlbəcər- Elyasalılar, Çərəktar, Dalqılıçlı, Çobangərəhməz, Narınclar, Çormanlı
Qubadlı rayonu- Qaracallı, Ləpəheyranlı, Alaqurşaq, Qədirli
Laçın rayonu- Əliqulu, Ayıbazar, Vaqazin, Zağaaltı
Zəngilan rayonu- İçəri Müşlan, Qıraq Müşlan