Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək

Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək

Tarix: 9 Dekabr 2020 16:45

14-19 dekabr tarixlərində Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı, “BestComp Group” MMC, “BP” şirkəti və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş sponsorluğu ilə baş tutacaq layihə, ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.
 
Yeni növ koronavirus (COVİD-19) pandemiyası şəraitində “InnoWeek” çərçivəsində keçiriləcək müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər onlayn şəkildə təşkil ediləcək. Əsas məqsəd innovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənclərin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına dəstək göstərilməsidir. http://innoweek.az/
 
“İnnovasiyalar həftəsi”nin ilk tədbiri “I2B – İdeyadan Biznesə” layihəsinə həsr olunacaq.
 
Pandemiya şəraitində mövcud sosial izolyasiya tədbirləri ilə əlaqədar 2020-ci ildə “I2B – İdeyadan Biznesə” layihəsinin keçirilməsi təxirə salındığından regiondakı gənclərlə əlaqə qurmağa, davamlılıq və layihəyə maraq göstərən daha geniş auditoriyanın toplanmasına şərait yaratmaq məqsədilə “I2B – İdeyadan Biznesə” mobil tətbiqi hazırlanıb. Bu mobil tətbiq iştirakçıların kommunikasiya rahatlığı, komandaların iş prosesi, mentorlarla əlaqə və başqa bir çox funksionallığı özündə ehtiva etməklə, layihənin onlayn formada davam etdirilməsinə imkan verəcək. Mobil tətbiq iştirak üçün fiziki asılılığın olmaması, əvvəlcədən geniş məlumatlandırma, ideyaların iştirakçılara açıq formada ötürülməsi, daha effektiv komanda formalaşdırılması kimi üstünlükləri özündə ehtiva edir.
 
Məlumat üçün bildiririk ki, “I2B – İdeyadan Biznesə” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılır. 
 
14 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Matrix Təlim Mərkəzi” tərəfindən “Advanced Data Science & Deep Learning – Qabaqcıl data elmi və dərin öyrənmə” adlı tədbirin təşkili nəzərdə tutulub.
 
Məqsəd texnologiyanın sürətlə inkişaf etdiyi dövrümüzdə “Data Science” sahəsinə marağı artırmaq və bu istiqamətdə yerli mütəxəssislərin yetişdirilməsinə təkan verməkdir. Vebinar çərçivəsində “Data Science” sahəsinin dərinliklərindən, karyera imkanlarından bəhs olunacaq.
 
Tədbir-vebinar 14 dekabr saat 20:00-da keçiriləcək. Data sahəsi ilə maraqlanan hər bir şəxs vebinara qoşularaq müvafiq sektorda biliklərini təkmilləşdirə biləcək. Bu linkə daxil olmaqla, qeydiyyatdan keçib vebinarda iştirak etmək olar. 

14-15 dekabr tarixlərində, həmçinin onlayn kiber idman turnirinin təşkili nəzərdə tutulur. Turnir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən sosial izolyasiya tədbirləri çərçivəsində onlayn formada keçiriləcək.
 
Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcək.
 
Aşağıdakı qeydiyyat linklərinə daxil olmaqla, “Online Cyber Cup-2020”-də iştirak edə bilərsiniz:

• “PUBG Mobile Duo” oyunu üzrə: https://forms.gle/uz33fShLfLwHyqEt8

• Mortal Kombat 11” oyunu üzrə: https://forms.gle/hJT82HThiakhdYXMA 
 
“InnoWeek – İnnovasiyalar həftəsi” çərçivəsində 15 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə “MHM-də ağıllı layihələr” adlı onlayn tədbir də keçiriləcək. Məlumat Hesablama Mərkəzinin uğurlu layihələrindən biri olan “SmartCell” (üz tanıma) proqramı İtaliyanın Naples Federico II Universiteti ilə birgə təşkil edilir, məqsədi fərdi məlumatların təhlükəsizliyini təmin etməkdir.
 
Əsasən maliyyə sektorlarında, mobil operatorların fəaliyyətində istifadə olunması nəzərdə tutulan “SmartCell” (üz tanıma) proqramının dövlət və özəl sektorda da tətbiqi planlaşdırılır. 
 
15 dekabr tarixində virtual olaraq, “Cyber Security Envisioning Workshop” – “Kibertəhlükəsizlik vebinarı” keçiriləcək. 
 
Tədbirdə “Microsoft” şirkətinin yerli və beynəlxalq ekspertləri tərəfindən şirkətin kibertəhlükəsizlik sahəsində nailiyyətləri və həlləri nümayiş etdiriləcək, həmçinin yeni nəsil kibertəhdidlər və onlardan müdafiə yolları, kibertəhlükəsizliyin təmin edilməsində bulud həlləri, Təhlükəsizlik üzrə əməliyyat mərkəzlərinin qurulması və idarə edilməsi mövzularında məruzə və təqdimatlar ediləcək. Bununla yanaşı, maraqlı tərəflərin təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə virtual sual-cavab sessiyaları və müzakirələr təşkil ediləcək.
 
15 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşəbbüsü ilə “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfrans təşkil ediləcək. 
 
“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması rəqəmli bacarıqlar istiqamətində fəaliyyət göstərən bütün maraqlı qurumlar və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, görülən işlərin əlaqələndirilməsi və eyni zamanda, rəqəmli bacarıqlar üzrə dövlət – özəl tərəfdaşlığının inkişafı məqsədilə yaradılır.
 
Videokonfransda platformanın təsis edilməsi, qurum və təşkilatlar arasında əməkdaşlığın müzakirəsi nəzərdə tutulub. Tədbirin ikinci hissəsində Avropa Birliyində rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq platformalarının (koalisiyalar) yaradılması və bu təcrübənin ölkəmizdə tətbiqinə dair Avropa İttifaqının ekspertlərinin iştirakı ilə videokonfrans formatında seminar keçiriləcək.
 
Qeyd edək ki, bu linkə daxil olmaqla, qeydiyyatdan keçib konfransda iştirak edə bilərsiniz:

16 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar Forumu – MAİNTECH FORUM” keçiriləcək. Məqsəd Azərbaycan istehsalı olan innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır. Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alacaq. Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, habelə, innovasiya ekosisteminin iştirakçıları, startaplar və xarici ölkələrdən olan nümayəndələrin onlayn iştirakı nəzərdə tutulur.
 
16-17 dekabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalının dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk “Creative Solution Go” – “Yaradıcı həllərə doğru” olimpiadası təşkil ediləcək.
 
“Pandemiya dövründə necə yaşamalı” mövzusunda keçiriləcək olimpiadanın məqsədi mövcud durumda gənclərin proqramlaşdırma, komanda halında işləmək, İKT və elmi biliklərin inkişafına dəstək olmaq, kodlaşdırma və vizuallaşdırmaya marağın artırılması, oyun və animasiyaların hazırlanmasında inkişafa təkan verməkdir. Olimpiada 2 kateqoriya üzrə keçiriləcək – Oyun dizayn və təqdimatı, Animasiya dizayn və təqdimatı.
 
 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan olimpiadanın əsas şərtlərindən biri iştirakçıların oyunu “hər kəsə açıq” moduna gətirməsidir. İştirakçılar oyun və animasiya təqdimatlarını hazırlayaraq 2 dəqiqəlik video halında AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təlimçi heyəti ilə paylaşacaq.
 
Qeyd edək ki, oyunlar “Scratch”, “Unity” kimi oyun və animasiya proqramlarında hazırlanacaq. Qalib gələn iştirakçılar təşkilatçılar və tərəfdaşlar tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
 
Aşağıdakı qeydiyyat linklərinə daxil olmaqla olimpiadada iştirak etmək mümkündür. 

• İlkin mərhələ: https://forms.gle/TDyCVHpAiWxr3i3d6; 

• Növbəti mərhələ: https://forms.gle/RoYhiTXjANAEA55E7 
 
16 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə “eSAS” Könüllülük proqramı çərçivəsində Azərbaycan dili üzrə nitqin tanınması üçün süni intellekt sahəsinin inkişafının sürətləndirilməsi və dəstəklənməsi, müxtəlif növ böyük məlumat bazalarının hazırlanması məqsədilə həyata keçirilən layihə üzrə ən fəal, ən çox mətn səsləndirən könüllülərin mükafatlandırma mərasimi təşkil ediləcək.
 
Qeyd edək ki, layihənin ümumilikdə 1 ay davam edən ilk mərhələsində dil korpusunun hazırlanması üçün “eSAS” könüllülərinin iştirakı ilə sözlər və cümlələrin toplanaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış “opendata.az” – Açıq Məlumatlar Portalında xüsusi bölmədə yerləşdirilməsi, müvafiq mətnlərin səsləndirilməsi və həmin bölmə vasitəsilə yoxlanılması nəzərdə tutulur.
 
Mükafatlandırma mərasimi “Kontakt Home” mağazalar şəbəkəsi və “MyShops” MMC-nin sponsorluğu ilə keçiriləcək.
 
17-18 dekabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “World Net Summit” adlı beynəlxalq onlayn konfrans təşkil ediləcək. 
 
Ən böyük onlayn texnologiya tədbiri olan “World Net Summit” beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçıları bir araya gətirən mühüm platformadır.
 
Onlayn konfransda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələrdən yüksək səviyyəli dövlət nümayəndələri, nazirlər, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə, “Apple” şirkətinin yaradıcılarından olan Stiv Voznyak, dünyanın ilk süni intellektli humanoid robotu “Sofiya”, “Hanson Robotiks” şirkətinin yaradıcısı David Hanson, “Entrepreneur” jurnalının baş redaktoru Jason Feifer, “Baykar Makina” şirkətinin texniki direktoru Selcuk Bayraktar və digər xarici ekspertlərin iştirakı nəzərdə tutulur.
 
“World Net Summit” beynəlxalq konfransı çərçivəsində internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiya, biznes, sığorta, innovasiya və digər əlaqəli sahələri əhatə edən “Monex Summit Caspian”, “Global Influencer Day”, “Government Address”, “AutoTech Conf”, “StartUp Academy”, “Venture Summit”, “Corporate Innovation Forum” kimi beynəlxalq onlayn panelləri təşkil olunacaq (https://worldnetsummit.com/).
 
17 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “FemTech” platformasının birgə təşkilatçılığı ilə “FemTech – Qadınlar texnologiyada” tədbiri keçiriləcək. Məqsəd qadınların texnologiya sahəsi üzrə maarifləndirilməsi, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatların verilməsi, texnologiya sahəsində fəaliyyət göstərən lider qadınlar arasında şəbəkənin yaradılmasıdır.
 
“World Net Summit” çərçivəsində 18 dekabr tarixində “CyberTECH – Kibertəhlükəsizlik sənayesinin inkişafı” adlı tədbir keçiriləcək. Virtual tədbirdə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış yerli və beynəlxalq şirkətlərin məsul şəxsləri tərəfindən kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı, dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi, aparat və proqram səviyyəsində yeni nəsil kibertəhdidlər və kibertəhlükəsizlik həlləri, kibersığorta, lisenziyalaşma, kibertəhlükəsizliyin təmin edilməsində dövlət özəl tərəfdaşlığının əhəmiyyəti mövzularında məruzə və təqdimatlar ediləcək. 
 
18 dekabr tarixində “Innovation Awards” mükafatlandırma tədbiri keçiriləcək. Mükafatlandırma tədbiri zamanı 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində müxtəlif nominasiyalar üzrə ən təşəbbüskar və fəal şirkət və layihələrin mükafatlandırılması baş tutacaq (http://innoweek.az/award/).
 
19 dekabr “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Girls Code Azerbaijan” platforması tərəfindən “The full lifecycle of Machine Learning projects – Maşın öyrənməsi proyektlərinə ümumi ortaq yanaşma” adlı tədbir təşkil olunacaq. Təlimdə bu proyektlərə ümumilikdə necə yanaşmalı, modelin öyrənilməsi üçün lazım olan datanın hazırlanması, test edilməsi, təxmin olunan dəyərlərin çatdırılması prosesləri və modelin müxtəlifliyinin əhəmiyyəti izah olunacaq. 19 dekabr saat 20:00-da başlayacaq vebinar-təlim 1 saat davam edəcək, maraqlanan hər bir şəxs vebinara qoşularaq, müvafiq sektorda biliklərini təkmilləşdirə bilər.
 
 Bu linkə daxil olmaqla qeydiyyatdan keçib vebinarda iştirak etmək olar. 
 
19 dekabr tarixində “Devopsdays” beynəlxalq tədbiri keçiriləcək. “Devopsdays” dünya miqyasında proqram təminatı, İT infrastruktur əməliyyatları və onlar arasındakı kəsişmə mövzularını əhatə edən texniki konfranslar seriyasıdır.
 
Tədbir həm texniki məsələlərə, həm mədəniyyət, eyni zamanda təşkilatlar daxilindəki proseslər və quruluşa həsr olunacaq. “Paşa Bank” və “SUP.VC” şirkətinin sponsorluğu ilə keçiriləcək konfranslar texnoloqlar və iş adamlarını bir araya gətirəcək. 
 



Etiketlər:  Azərbaycanda üçüncü InnoWeek İnnovasiya həftəsi keçiriləcək


RƏYLƏR