Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 08:02
"Karantin rejiminin sərtləşdirilməsi tam doğru qərardır".
Bunu Sonxeber.net-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.
İnfeksionist bildirib ki, sərt karantin tədbirləri yoluxanların sayında ciddi şəkildə azalmaya səbəb olacaq:
"Ölkəmizdə artıq yoluxma faktı pik həddə çatıb, ölüm faizi çoxdur. İndiki məqamda bunun qarşısını başqa cür almaq mümkün deyildi. Çünki havaların soyuması ilə əlaqədar qapalı yerlərdə insanların toplaşması daha da çoxalır. Buna həm ictimai nəqliyyat, həm marketlər, həm də restoranlar aiddir. Bu cür məhdudlaşdırma tədbirlərinin görülməsi düzgün bir addım oldu ki, bu yolla həm yoluxmanın sayı azalacaq, həm də insanlar bu qaydalara daha ciddi şəkildə əməl etmiş olacaqlar.
Sərt karantin tədbiri yoluxanların sayında ciddi şəkildə azalmaya səbəb olacaq. Bir neçə ay ərzində davam edən karantin rejiminin köməyi ilə yoluxma sayında həddindən artıq düşməsi müşahidə olunacaq.
Bu sərt karantin rejimi sonuncu olacaqmı, davamı gələcəkmi, təbii ki, bunu biz deyə bilmərik, zaman göstərəcək. İnsanların qaydalara nə dərəcədə əməl edib, etməyəcindən asılı olaraq dəyişəcək. İnşəAllah ki, sonuncu belə sərt karantin rejimi olar.
İnanıram ki, bu yeni qaydalar, ciddi karantin rejimi artıq kəskin şəkildə yoluxmanın azalmasına, insanların istər gigiyenik qaydalar, istər sosial məsafə, istərsə də maskalardan ciddi və doğru şəkildə istifadəsinə kömək edəcək. Digər bir tərəfdən də kütləvi toplaşmaların sayı bu şəkildə azalmış olacaq və bu da ölkəmizdə yoluxmanın sayının ciddi şəkildə azalmasına gətirib çıxaracaq".
Təhməz Əsədov