Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paşinyan həm müxalifətin tələbini, həm də prezidentin istəyini qulaqardına vurdu''

''Paşinyan həm müxalifətin tələbini, həm də prezidentin istəyini qulaqardına vurdu''

Tarix: 10 Dekabr 2020 09:33

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana dekabrın 8-i saat 12-yə qədər könüllü istefaya getmək üçün vaxt vermişdi. Vaxt bitdi, Paşinyan istefa vermədi. 

Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Ermənistanda zorakılıq və kütləvi həbslər qaçılmazdır:

"Paşinyanın istefa verməməsinin iki səbəbi var. Birinci səbəbi odur ki, müxalifətin qışqırıb-bağırmasına baxmayaraq İrəvandakı mitinqlərə 5-7 mindən çox adam yığa bilmir və bu say da getdikcə azalır. İkinci səbəb güc strukturları və onların rəhbərlərinin Paşinyana sadiqliyidir. Paşinyanın istefasını prezident Armen Sarkisyan və erməni katolikosu ikinci Qaregin də istəyib. Ancaq Paşinyan həm müxalifətin tələbini, həm prezidentin, həm də katolikosun istəyini qulaqardına vurub. Paşinyan istefa vermir, müxalifət isə Ermənistanı qarışdırmaq çalışmalarından əl çəkmir. Demək, zorakılıq və kütləvi həbslər qaçılmazdır.

Paşinyan ümid edir ki, müxalifətin müqaviməti getdikcə zəifləyəcək və istər-istəməz küçəyə çıxanların da sayı getdikcə azalacaq. Amma əksi də ola bilər. Yəni, vəziyyəti gərginləşdirmək üçün Ermənistan müxalifəti təxribata da gedə bilər. Bu təxribat baş verəcəyi halda qarşıdurma, polislə toqquşmalar da olacaq. Çünki hiss olundu ki, Paşinyan istefa vermək fikrində deyil. Hiss edir ki, cəmiyyətin bir hissəsi onu müdafiə edir. Ona görə, hətta prezident və katolikosun istefa çağırışlarına da reaksiya vermədi. Bu mənada Ermənistanda qarışıqlığın artacağını, hətta vətəndaş qarşıdurması olacağını belə ehtimal etmək olar". 

Təhməz Əsədov


Etiketlər:  Paşinyan həm müxalifətin tələbini həm prezidentin istəyini qulaqardına vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ