Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 10:40
3 dekabr 2020-ci ildə psixiatr, psixoterapevt Əliağa Həsənov dünyasını dəyişdi. Onun universal bilik sahəsinin dərinliyinə nüfuz etmək sözün əsl mənasında əlçatmaz idi. Müstəsna müdrikliyi ilə insanları özünə çəkməyi bacarırdı. O öz imzasını atmış böyük psixiatr idi.
Vəfatının rəsmi səbəbi COVİD-19 idi. Yalnız yaxın çevrəsi onun vəfatının əsl səbəbini bilir. Doktor Həsənov sıravi vətənpərvər idi! (O özü haqqında belə deyirdi). Öz başlanğıcını 27 sentyabr 2020-ci il tarixindən götürən hərbi əməliyyatlar dövründə yorulmadan situasiyanı izləyir və baş verənlərə ürəkdən yanırdı. O, Gəncədə, Bərdədə və birbaşa döyüş bölgəsində zərərçəkənlərlə çalışan psixoloq və psixiatrlarla qrup işi aparırdı. Yaralılar və şəhid ailələri ilə işləmək üçün psixoloqlar cəlb edən təşkilatları konsultasiya edirdi. Həmin təşkilatları birbaşa Birinci Qarabağ müharibəsinin veteranları ilə iş təcrübəsi olan mütəxəssislərə yönləndirirdi. Qeyd edək ki, Əliağa Həsənov şəxsən 90-cı illərdə müharibə veteranlarının reabilitasiyasında iştirak etmişdi.
Lakin bütün bunlar onun üçün kifayət deyildi... Qələbə ərəfəsində o, Vətənə son borcunu ödəmək qərarına gəldi və yaralı əsgərlərə qan verdi. Həkimlərin sözlərinə görə bu hal onun immunitetini həddən artıq aşağı saldı və nəticədə o, COVİD-19-a qarşı mübarizə apara bilmədi.
Sadə Azərbaycan vətənpərvərinin bu həyat hekayəsi bir daha göstərir ki, Vətənə xidmət etmək, onu sevmək döyüş bölgəsindən kənarda da mümkündür.
O, biliyini daima zənginləşdirib, ona yardım üçün müraciət edən hər bir şəxsə tətbiq edəndə də, yetişdirmələrinə bu biliyi ötürəndə də, mağazada yorğun satıcıya xoş sözlər söyləyəndə də, öz qanını əsgərlərə verəndə də Vətənini sevirdi!
O hər gün özünə "Mən bu gün Vətənim üçün nə etmişəm?!" sualını verərdi.