Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 11:54
"İnternat uşaqlarında vətən sevgisi bir başqa olur".
Bunu Sonxeber.net-a açıqlamasında döyüşlər başlayandan könüllü olaraq müharibəyə yollanan Elçin Əhmədov Vətən Müharibəsi ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
44 günlük müharibənin ən çox danışılan döyüşçülərindən birinə çevrilən Elçin bildirib ki, vicdanımızı təmizləməkdən ötrü bu müharibədə iştirak etməliydik:
"Uşaqlığımın qisasını aldım" - İnternatda böyüyən müharibə iştirakçısı Elçin - FOTO
"Deyirik ki, Vətən bizim ikinci anamızdır. Amma bizim anamız olmadığına görə, bizim anamız vəfat etdiyinə görə, bizim bu həyatda artıq bir anamız var. O anaya da sahib olmaq bizim borcumuz idi. Yəni, müharibədə gedib döyüşmək bizim üçün vicdan borcu idi. Biz vicdanımızı təmizləməkdən ötrü bu müharibədə iştirak etməliydik. Torpağımız işğalda olanda bütün dünya bizi qorxaq kimi tanıyırdı. Gedib vuruşduq ki, xalqımızın, millətimizin, özümüzün başımız bütün ölkələrin yanında dik olsun ki, biz işğal olunmuş torpaqlarımızı azad etdik. Bu, bizim üçün daha qürurvericidir.
Vətən tək üstündə gəzdiyimiz torpaqdan ibarət deyil. Siz də vətənsiniz, biz də vətənik, ailəmiz də vətəndir, şəhidlərimiz də vətəndir, qazilərimiz də vətəndir, əsirlərimiz də vətəndir. Vətəni qorumaq, bir-birimizi qorumaq, ailəmizi qorumaq, şəhidimizin qisasını almaq, əsirimizi əsirlikdən qurtarmaq deməkdir. Bir anamız var, ona da sahib çıxmalıyıq. Şükür Allaha ki, sahib də çıxdıq.
Döyüşlər zamanı bir çox tükürpədici hadisələr oldu, müharibədir, olmalıdır. Bizim bir internat uşağının yanımızda şəhid olması idi. Salayev Nicat idi adı, o, bizdən sonra gəldi döyüşlərə, şəhid oldu. Mən onu özümə bağışlaya bilmirəm. Bu qardaşımı mən qoruya bilmədim, getdi. Onun da bir xəstə anası var idi. Anası ruhi xəstə olduğu üçün oğlunu internata qoymuşdu, baxa bilmirdi. Nicat böyüyəndən sonra özünə ev alıb, anasını yanına gətirmişdi, xəstə anasına baxırdı. Onun şəhid olması mənim üçün ağır zərbə oldu. Müharibədən qayıtdığım, tərxis olundum gün ilk işim gedib onun anasını ziyarət etmək oldu. Evimə girməmişdən qabaq onun anasına baş çəkdim, Nicatın qəbri üstünə getdim.
Düzdür, bir yerdə döyüşdüyümüz digər qardaşlarımızdan da şəhid olanlar oldu. Onların şəhid olduğunu görəndə insan özünü bağışlaya bilmirdi. Daha da gözümüzü qan alırdı, düşmənin üzərinə yeriyirdik. Allah hamısına rəhmət eləsin. Şəhidlik uca məqamdır. Onlar o uca məqama yüksəldilər.
Bizim Quliyev Elbrus adında çox gözəl bir komandirimiz var idi. Döyüşdə heç vaxt bizdən arxada olmamışdı, həmişdə öndə olmuşdu. Öz əyninin buşlatını çıxardıb, çiynimizə atırdı ki, üşüyən varsa götürsün geyinsin. Halbuki özü də üşüyürdü. Çox mərd, qoçaq insan idi. Onu deməsəm vicdanım mənə yol verməz. Onunla bir səngərdə idik, düşmən minamyot atırdı. Bir anlıq hərəmiz bir yerə qaçdıq. O, bir yerdə gizləndi ki, minamyot dəyməsin. Çünki minamyotun səsi gələndə 3 saniyə ərzində yerə uzanmalısan ki, onun qəlpələri sənə çox zərər yetirməsin. Bir də, ya dərə dibinə, ya qazılmış bir yerə girməlisən ki, qəlpə səni zədələməsin. İkimiz də elə ani məqamda, birimiz o tərəfə, birimiz bu tərəfə tullanmışıq. Həmin vaxt ürəyimin döyüntüsü qulağımı batırırdı. Elə bildim ki, komandir şəhid oldu. Komandir də elə bildi ki, mən şəhid oldum. Təsəvvür edin ki, minamyot düşəndən sonra kombat məni səsləyib qışqırdı, mən də eyni qaydada "Yoldaş komandir" deyə qışqırdım. Gördük ki, ikimiz də sağıq. Onunla o an elə qucaqladıq bir-birimizi, şükür Allaha ki, sağ çıxdıq. Yəni, belə hadisələr də oldu. Şükürlər olsun ki, salamatıq.
Hazırda ailəmin yanındayam, övladlarımın yanındayam. Allah qorudu, sağ-salamat evə döndüm. Allah övladlarıma görəmi, nəyəsə görə məni bağışladı. Mən də şəhid ola bilərdim.
Bundan sonra bu dövlətə, bu xalqa daha çox xeyirim dəyər. Allah bütün xalqımızı, millətimizi qorusun, hər kəsin yanında bizi daima başı uca etsin. Hər şey bundan daha gözəl, bundan daha yaxşı olacaq".
Təhməz Əsədov