Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazi Şıxseyid Nağıyev: Yaralansaq da tapşırığı yerinə yetirdik - VİDEO - FOTO

Qazi Şıxseyid Nağıyev: Yaralansaq da tapşırığı yerinə yetirdik - VİDEO - FOTO

Tarix: 11 Dekabr 2020 21:12

Vətən müharibəsində döyüşçülərimizin qəhrəmanlıqları haqqında hələ uzun illər danışılacaq. Bu savaşda hər bir əsgərimiz qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün canından belə keçməyə hazır olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Qusar rayonunun Hil kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Şıxseyid Nağıyev Murovdağ istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Müharibənin ilk anlarından irəli atılan Şıxseyid və döyüşçü yoldaşları düşmən postunu alaraq qarşılarına qoyulan tapşırığı uğurla yerinə yetiriblər.

"Sentyabrın 27-dən döyüş tapşırığının yerinə yetirilməsinə başladıq. Erməni postunu ələ keçirən zaman yaralandım. Ayağıma qəlpələr dəyib. Həmin zaman mənimlə bərabər iki döyüş yoldaşım da yaralandı. Onlar nisbətən yüngül yaralandığından özləri ərazidən çıxa bildi. Məni isə döyüş yoldaşlarım xəstəxanaya gətirib. Fəxr edirəm ki, hərbçiyəm. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı qardaşlarımıza da şəfa diləyirəm", -deyə Şıxseyid Nağıyev söyləyir.

Şıxseyid Nağıyevlər ailəsinin sonbeşiyidir. Beş ildən artıqdır hərb birləşmələrin tərkibində Vətənə xidmət edir. Bundan əvvəl Aprel döyüşlərində də fəal iştirak edib.

Şıxseyidin atası Vahid Nağıyev bildirir ki, oğlu hərbi xidmətinin bitməsinə az qalmış evə zəng edərək bundan sonra hərbçi kimi çalışmaq istədiyini bildirib. Evdən xeyir dua aldıqdan sonra hərbidə qalaraq Vətənə xidmətini davam etdirib. Xidmət müddətində Gürcüstanda və Türkiyədə xüsusi təlimlərə qatılıb.

"Aprel döyüşlərində əvvəldən axıradək iştirak etsə də bizə bir söz deməyib. Zəng vuranda da harada olduğunu bildirməyib. Vətən müharibəsi başlayandan dua edirdik ki, torpaqlarımız işğaldan azad olunsun. Bütün döyüşçülərimiz cəbhədən sağ-salamat qayıtsınlar. Mən oğlumla fəxr edirəm. Babasının adını daşıyan Şıxsəyid öz işinin öhdəsindən layiqincə gəldi", -deyə qazinin atası söyləyib.

Şıxseyid Nağıyevin yaralanması barədə ailəsi iki gün sonra xəbər tutub.

"Sentyabrın 29-u mənə zəng vurdu ki, qardaş döyüşdə yaralanmışam. Mən də bu barədə ailəmizə bir neçə gün sonra xəbər verdim. Fəxr edirəm qardaşımla. Allah bütün yaralılara kömək olsun! Şəhidlərimizin ailələrinə səbr versin", -deyə qazinin qardaşı Ramin Nağıyev bildirib.

Şıxseydin ən böyük arzusu Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək olub. Yaralanması bu istəyinə əngəl olsa da sağalan kimi işğaldan azad edilmiş bütün torpaqlarımızı gəzəcəyini bildirib.

Hil kəndi Qusar rayonun ən böyük yaşayış məntəqələrindəndir. Qarabağ savaşında bu kənddən onlarla Vətən oğlu silaha sarılaraq düşmənlə döyüşə atılıb.


Etiketlər:  Qazi Şıxseyid Nağıyev Yaralansaq tapşırığı yerinə yetirdik VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ