Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidlik zirvəsinə ucalan baş gizir - FOTO

Şəhidlik zirvəsinə ucalan baş gizir - FOTO

Tarix: 11 Dekabr 2020 21:26

Baş gizir Nahid Mikayılov peşəkar hərbçi idi. 2000-ci ildən ordu sıralarında xidmət edirdi, özü də Ağdam bölgəsində. Otuz ildən bəri torpaqlarımızı işğal altında saxlayan Ermənistan silahlı qüvvələri ilə üz-üzə dayanan baş gizir 2016-cı ilin Aprel döyüşlərində də qəhrəmancasına vuruşub. İkinci Qarabağ müharibəsində isə şanlı bir döyüş yolu keçib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Nahid Mikayılov 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Hərbi xidmətə marağı onu Silahlı Qüvvələrimizin sıralarına gətirib. Əvvəlcə gizir, sonra baş gizir kimi xidmət edib. İyirmi illik qüsursuz xidməti, Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq ona medallar, fəxri fərmanlar qazandırıb.

Nahid ailəli idi, 3 övladı var. Uşaqları ilə, xüsusilə balaca Rinatla nəfəs alırdı. Cəbhədən hər dəfə evə zəng vuranda telefonu Rinat açırdı. Bu döyüşlərdə o, düz otuz dörd gün vuruşdu, özü də xeyli düşmən əsgərini məhv etdi. Lakin Böyük Qələbə xəbərinin sevincini yaşaya bilmədi. Qələbəyə on gün qalmış düşmən snayperinin hədəfi oldu, heç də hər adama nəsib olmayan şəhidlik zirvəsinə ucaldı.

Tez-tez şəhid Nahid Mikayılovun məzarını ziyarət edən ailə üzvləri, xüsusən Rinat atalarının əbədiyyətə qovuşmasını hələ də qəbul edə bilmirlər. Sanki o, nə vaxtsa geri, ailəsinin yanına qayıdacaq.


Etiketlər:  Şəhidlik zirvəsinə ucalan baş gizir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ