Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 12:24
Bakı. Ceyhun Ələkbərov - Trend:
Türkiyə ilə Azərbaycan arasında tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin reallaşması hər iki dövlət üçün həm səyahət, həm də iqtisadi əməkdaşlıq baxımından böyük imkanlar yaradacaq.
Bunu Trend-ə açıqlamasında Türk Media Assosiasiyasının rəhbəri Əkrəm Kızıltaş deyib.
Onun sözlərinə görə, "İki dövlət, bir millət" deyimi onsuz da münasibətlərin çox yüksək səviyyədə olduğunu göstərir:
"İki ölkə arasında xarici pasportsuz və vizasız gediş-gəlişin təmini, qarışılıqlı ticarət və ortaq investisiya imkanlarının kəskin artmasına səbəb olacaq. Səyahətin sadələşdirilməsi Azərbaycan və Türkiyə iqtisadiyyatına ayrı-ayrılıqda müsbət təsir etməklə yanaşı, qonşu ölkələrlə yeni əlaqələrin qurulacağı da şübhəsizdir. Xüsusilə də Naxçıvana çəkiləcək yeni quru yol bu inkişafı yüksək nöqtəyə çıxaracaq.
Ümid edirəm ki, tək şəxsiyyət vəsiqəsi ilə ən qısa zamanda reallaşacaq gediş-gəliş, iki ölkə arasında sadəcə iqtisadi münasibətləri deyil, o cümlədən qardaşlığı da möhkəmləndirəcək, digər sahələrə də öz töhfəsini verəcək".
Qeyd edək ki, dekabrın 10-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol imzalanıb. Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala biləcəklər.