Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 14:28
Bakı. Trend:
Argentinanın www.elpaisdigital.com.ar xəbər portalında "Dağlıq Qarabağda nə baş verir?" başlıqlı məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Çilinin Adolfo İbanez Universitetinin professoru Şəhriyar Nəsirovun qələmə aldığı məqalədə Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının tələb olunması barədə ətraflı məlumat verilib.
Azərbaycanın inkişaf edərək iqtisadi və hərbi cəhətdən gücləndiyinə, Cənubi Qafqaz bölgəsinin liderinə çevrildiyinə, işğalçı Ermənistanın isə kasıb durumda qaldığına diqqəti cəlb edən müəllif qeyd edib ki, ATƏT-in Minsk qrupunun vasitəçi olduğu sülh danışıqları nəticə verməyib və 30 ilə yaxın müddətdə rəsmi İrəvan status-kvonun dəyişdirilməsində maraqlı olmayıb. Yolverilməz bəyanatlarla danışıqların tamamilə dayandırılmasına gətirib çıxaran Ermənistan siyasi-hərbi rəhbərliyinin bu ilin iyul ayından başlayaraq törətdiyi silsilə hərbi təxribatlar 27 sentyabrda müharibənin başlanmasına səbəb olub.
Müəllif bildirib ki, müharibə Azərbaycan ərazilərində aparıldığı və işğal amili mövcud olduğu üçün heç bir dövlət məsələyə müdaxilə etməyib: "...bu gün biz onun şahidi oluruq ki, Ermənistan rəhbərliyinin 3 onillik ərzində saxlamaq istədiyi status-kvo yoxa çıxıb. İşğal sona çatıb və gələcəkdə biz dinc yanaşı yaşamaq problemindən danışmalıyıq".
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündr:
https://www.elpaisdigital.com.ar/contenido/qu-est-pasando-en-nagorno-karabaj/29348