Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hadrut və Füzulidə bayraq qaldıran qəhrəman - VİDEO

Hadrut və Füzulidə bayraq qaldıran qəhrəman - VİDEO

Tarix: 14 Dekabr 2020 16:32

Şəkidən olan qəhrəman hərbi xidməti başa vurandan sonra xüsusi təyinatlı qüvvələrdə xidməti özünə amal seçib, vətən torpaqlarını düşməndən təmizləyəcəyinə and içmişdi. Uzun illər xüsusi təyinatlı qüvvələrdə gizir kimi xidmət edən İbrahim Məmmədov peşəkar hərbçi kimi bır sıra xüsusi əməliyyatların iştirakçısı olub. Aprel döyüşlərində də çətin döyüş tapşırığını uğurla başa vuraraq sağ-salamat geri qayıdıb. Xüsusi bacarıqları, güclü iradəsi və düşmənə qarşı amansız olmasına görə İbrahim xidmət etdiyi yerdə "canavar" ləqəbi ilə tanınıb və sevilib.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda da ilk gündən Füzuli istiqamətində cəbhə xəttinin yarılması və ordumuzun rahat irəliləməsi üçün döyüş yoldaşları ilə birgə çətin xüsusi əməliyyatları uğurla nəticələndirib. Ermənilərin xüsusi əhəmiyyət verdiyi Hadrut qəsəbəsinin azad olunması ilə bağlı qondarma rejimin rəhbəri Araik Aratunyanın "1500 nəfər erməni əsgəri 10-15 Azərbaycan xüsusi təyinatlısının qabağından qaçdı" ifadəsi də İbrahim və onun döyüşçü yoldaşları haqqında deyilmişdi. Məhz bu qəhrəmanlığına görə oktyabrın 9-da Hadrutda Azərbaycan bayrağı qaldıran hərbçilərdən biri də İbrahim Məmmədov idi.

Hadrutdan sonrakı döyüşlərdə göstərdiyi xüsusi rəşadət və şücaətinə görə oktyabrın 17-də Füzulidə Azərbaycan bayrağını yüksəltmək, eləcə də Ali Baş Komandana bu şəhərin azad olunmasını məruzə etmək də ona həvalə edilmişdi.

Onun döyüş yoldaşı olan qazi Ülfət Həsənov bildirir ki, İbrahim Məmmədov hər zaman cəsarəti ilə seçilib və çox çətin əməliyyatları uğurla başa çatdıran peşəkar hərbçi olub.

Döyüş yoldaşlarının dediyinə görə, xidməti müddətində, eləcə də son Vətən müharibəsində İbrahimin məhv etdiyi erməni hərbçilərinin sayı 100-dən çox olub. İbrahimin son döyüşü isə oktyabrın 25-də Laçın istiqamətində olub. Xüsusi əməliyyatı icra edərkən qəhrəman gizir boynundan yaralanaraq şəhid olub və Şəkidə şəhidlər üçün ayrılmış yerdə dəfn edilib.

Şəhidin atası Nakam Məmmədov və qardaşı Fuad Məmmədov onun igid bir döyüşçü olması ilə fəxr edirlər.

Həyat yoldaşı Aynur Məmmədova isə deyir ki, İbrahimin getdiyi əməliyyatlar nə qədər çətin və təhlükəli olsa da, heç zaman onu ailəsində hiss etdirməyib.

Gizir İbrahim Məmmədovun yadigarı olan iki övladı da atalarını sevgi dolu, qayğıkeş bir insan kimi xatırlayır və onun üçün darıxdıqlarını bildirirlər.

Şəhidin həyat yoldaşı Aynur Məmmədovanın sözlərinə görə, İbrahimin arzusu o idi ki, uşaqları yaxşı təhsil alsın və Azərbaycana layiq övladlar kimi böyüsünlər. O, İbrahimlə fəxr etdiklərini və onun son arzusunu yerinə yetirmək üçün çalışacağını bildirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Hadrut Füzulidə bayraq qaldıran qəhrəman VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ