Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 14:30
"Prezidentin 2020-ci il 6 noyabr tarixində (2292 nömrəli) məlum Sərəncamı ən sonda dövlətimizə, cəmiyyətimizə, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda hər bir Azərbaycan vətəndaşına böyük bir faydalar gətirə biləcək mühüm bir prosesin başlanğıcıdır".
Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bildirib ki, bu Sərəncamla başlanmış proses Ermənistanın Azərbaycana vurduğu böyük ziyanların mühüm bir hissəsini dəqiq rəqəmlərlə ortaya qoymağa imkan verəcək:
"Bu sərəncam elə bir prosesi başladır ki, nəticədə Azərbaycan dövləti və cəmiyyətimiz çox əhəmiyyətli nailiyyətlər ortaya qoya biləcək. Birinci növbədə onu qeyd edim ki, Azərbaycan dövləti öz vətəndaşlarının, sahibkarlıq subyektlərinin, dövlət əmlakının, mülki obyektlərin, infrastruktur obyektlərin tam sahibi, himayədarı və müdafiəçisi olduğunu bir daha nümayiş etdirir. Çünki məlum sərəncamda söhbət Ermənistanın 27 sentyabrdan bu yana, müharibə qurtarana qədər sözügedən obyektlərə, vətəndaşlara vurduğu ziyanların hesablanmasından və ortaya çıxarılmasından gedir. Bu, bir tərəfdən Azərbaycanda dövlətimizin bütün vətəndaşların əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinin fəaliyyətinə, təhlükəsizliyinə ən etibarlı təminatçı olduğunu göstərmək baxımından əhəmiyyətlidir. Digər tərəfdən bəllidir ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən başlamış 44 günlük müharibə ərzində Azərbaycana hədsiz dərəcədə böyük maddi, mənəvi ziyanlar vurublar. Bu ziyanlar onların ümumiyyətlə 1988-ci ildən bu yana ölkəmizə təcavüz nəticəsində vurduqları ziyanın ayrılmaz və tərkib hissəsidir. Bir halda ki, Azərbaycan dövlətinin strateji xətti Ermənistanın Azərbaycana son 32 ildə vurduğu maddi, mənəvi ziyanların hesablanmağından gedir, onda təkcə bu Sərəncamla başlanmış proses Ermənistanın Azərbaycana vurduğu böyük ziyanların mühüm bir hissəsini dəqiq rəqəmlərlə ortaya qoymağa imkan verəcək".
A.Quliyev onu da qeyd edib ki, bu sərəncamın tam icrası bir daha dünyaya nümayiş etdirəcək ki, Ermənistanın məqsədi təkcə Azərbaycan xalqını etnik zəmində genosidə məruz qoymaqdan ibarət olmayıb, eyni zamanda Azərbaycana aid olan bütün mülki dövlət əmlakının məhv edilməsini də özünün əsas məqsədlərindən birinə çevirmişdir:
"Sərəncamın tam və uğurla icra olunacağına şübhə etmirəm. Onun uğurlu icrası və həyata keçirilməsi nəticəsində həm vətəndaşlarımız fayda götürəcəklər, onlara dəymiş ziyan ödənmiş olacaq, eyni zamanda Ermənistanın Azərbaycan dövlətinə təcavüz nəticəsində vurduğu ziyanın tam mənzərəsi haqqında daha dəqiq təsəvvürlərə gələcəyik. Sərəncamın icra olunması nəticəsində əldə edəcəyimiz materiallar gələcəkdə Azərbaycan dövlətinin Ermənistana qarşı tam əsasla qaldıracağı müharibə təzminatı iddialarının əsasını təşkil edəcək çox əhəmiyyətli faktlar olacaq. Eyni zamanda, bu sərəncamın tam icrası bir daha dünyaya nümayiş etdirəcək ki, Ermənistanın məqsədi təkcə ərazi qopartmaqdan ibarət olmayıb, təkcə Azərbaycan xalqını etnik zəmində genosidə məruz qoymaqdan ibarət olmayıb, eyni zamanda Ermənistan Azərbaycana aid olan bütün mülki dövlət əmlakının məhv edilməsini də özünün əsas məqsədlərindən birinə çevirmişdir. Sadəcə olaraq Ermənistanın Azərbaycan xalqına qarşı total qisasçı, həm maddi, həm də mənəvi cəhətdən məhvedici müharibə apardığını sübut etmək üçün bu Sərəncam nəticəsində əldə olunacaq materiallar çox böyük əhəmiyyətli rol oynayacaq".
Təhməz Əsədov