Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 11:30
Bakı. Samir Əli - Trend:
Bu il sentyabrın 27-dən bu günə qədər keçirilmiş bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib.
Trend-in məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, onlardan 6 nəfəri 2020-ci il sentyabrın 27-dən əvvəl Azərbaycan ərazisində saxlanılmış şəxslərdir: "Bundan başqa, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən yerləşdirildikləri xəstəxanada aldıqları müalicəyə və həkimlərin hərtərəfli səylərinə baxmayaraq, vəfat etdikləri üçün meyitləri beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib".
E. Səmədov deyib ki, Azərbaycan tərəfi 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hələ müstəqilliyinin ilk illərində, 1993-cü ildə qoşulub, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə və humanizm prinsiplərinə daim sadiq olub: "Ermənistan Respublikasının hərbi təxribat əməlləri ilə bağlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı 2020-ci il sentyabrın 27-dən sonra Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyyə olunmuş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal internə edilib, saxlanma şəraiti, onlarla davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin olunub.
Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim edib, qurum əməkdaşlarının onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb. Həmçinin əsirlərin və saxlanılan şəxslərin öz yaxınlarına məktub yazmasına, bəzilərinin video ismarıclar göndərməsinə, o cümlədən telefon əlaqəsi saxlamalarına imkanlar yaradılıb".