Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 13:32
"Ölkəmizdə son vaxtlar qeyd olunan yoluxma sayına nəzərə salsaq ciddi bir vəziyyət ilə qarşılaşdığımızı görürük. Yoluxma sayının birdən-birə belə kəskin artmasının əlbəttə, ən böyük səbəbi vətəndaşlarımızın məsuliyyətsiz yanaşmasıdır".
Bunu Sonxeber.net-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva deyib.
İnfeksionist bildirib ki, təyin edilən heç bir sistem sizi bu virusdan qorumayacaq:
"Virusa yoluxma zamanı ilkin mərhələdə xəstələr həkim müayinəsindən sonra verilən qərara əsasən antiviral preparat, antikoaqulyant və vitaminterapiya qəbul etməlidir. Antibiotik və steroid qəbulu ilkin mərhələdə qətiyyən yol verilməzdir. Mənim fikrimcə ağırlaşmaların və ölüm saylarının artmasının 50-60%-i ehtiyac olmadığı halda antibiotik və steroid istifadəsinin nəticəsidir. Xəstələrin müraciəti zamanı təyin olunan reseptlərə baxdıqda nə qədər acıncaqlı bir hal olduğunu görürük.
Bilirik ki, bu virus infeksiyasıdır. İlkin mərhələdə düzgün şəkildə antiviral preparatın qəbulu mütləqdir. Antibiotik və steroid qərarı yalnız qan müayinələrinin nəticəsi və xəstənin klinik vəziyyəti düzgün dəyərləndirildikdən sonra ehtiyac olduğu halda verilməlidir. Və bunu da qeyd etmək istəyirəm ki, təyin edilən heç bir sistem sizi bu virusdan qorumayacaq. Yoluxmadan qorunmanın tək yolu qeyd olunan qorunma tədbirlərinə riayət edilməsi, sağlam qidalanma və normal yuxu rejiminin olmasıdır".
Təhməz Əsədov