Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 15:51
"Ermənistanın Gorus ərazisində yerləşən hakim yüksəkliklərdən geri çəkilməsi barədə xəbərlər doğrudur. Artıq bunu həm erməni tərəfi, həm də həmin ərazidən yayılan vizual görüntülər təsdiqləyir".
Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, Azərbaycan öz tarixi torpaqlarına qovuşur:
"10 noyabr tarixində hər üç ölkə rəhbərinin imzaladığı birgə bəyanatın şərtlərindən biri də ondan ibarət idi ki, hər iki münaqişə tərəfi müqavilə imzalanan andan etibarən atəşi dayandırır və olduqları mövqelərdə qalır. Bu "Olduqları mövqelərdə qalır" bəndi Azərbaycan Ordusunun təbii ki, ətraf rayonlar olsa belə, Qubadlı və Zəngilan istiqamətində, xüsusilə Ermənistanla sərhəddə yaxın ərazilərdə yerləşən kəndlərimizin azad edilməsinə imkan vermirdi. Lakin bəyanatın digər bəndi - Azərbaycanın ətraf rayonlarının azad edilməsi və silahlıların, həm də Qarabağ ərazisindəkilər də daxil olmaqla bu ərazilərdən çıxarılmasına dair bəyannamənin tələbi həmin ətraf rayonlarda, o cümlədən adı çəkilən Gorus-Qafan yolunun Zəngilan hissəsi ilə olan sərhəddən geri çəkilməsini tələb edirdi. Ümumilikdə götürdükdə isə imzalanan birgə bəyannamənin tələblərinə uyğundur, digər ərazilərdə olan, o cümlədən Qarabağın ermənilərin yaşaması üçün nəzərdə tutulan ərazilərdə yerləşən erməni silahlılarını da həmin ərazilərdən çıxarılması vacibdir.
Ermənistan tərəfinin verdiyi bəyanatlar da, fəaliyyətləri də onu göstərir ki, həmin ərazilər bu günün sonuna qədər boşaldılaraq Azərbaycan Ordusuna təhvil veriləcək. Düşünürəm ki, artıq bu ərazilərdə erməni silahlıları qalmayıb. Yaxın saatlarda Ordumuzun oradan hansısa vizual görüntüləri və yaxud da bayrağımızın sancılması, yaxud da Azərbaycanla Ermənistanın yeni sərhəddinin formalaşmasına dair həm görüntülər, həm də hansısa rəsmi məlumatlar alacağımız daha realdır.
Bu ərazilərin Azərbaycana qaytarılmasının birinci əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan öz tarixi torpaqlarına qovuşur. 28 illik həsrətdən sonra biz bizi gözləyən vətənimizə qayıdırıq, ərazi bütövlüyümüzün sərhədlərinin toxunulmazlığını bərpa edirik. İkinci tərəfdən bu ərazilərin Azərbaycana qaytarılması Ermənistan ərazisində müşahidə imkanlarımızı genişləndirir. Çünki biz burada bir neçə hakim yüksəkliyi də nəzarətimizə götürəcəyik. Digər bir tərəfdən Ermənistan ərasizində baş verən hərbi manevrləri, qoşunların daşınmasını, çıxarılmasını və s. kimi prosesləri biz tam nəzarətimiz altında saxlaya biləcəyik".
Təhməz Əsədov