Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 16:24
Bakı. İlhamə İsabalayeva - Trend:
MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyevin çıxışı zamanı Azərbaycanın dostluq münasibətləri saxladığı ölkələrin başçılarına müraciət edərək onların şirkətlərinin də bu layihələrdə podratçı kimi fəal iştirak etməyə səsləməsi bu layihələrin icra edilməsi üçün Azərbaycanın gücünün çatmaması və kənardan kömək istəməsi kimi qiymətləndirilməməlidir.
Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, çünki ölkə başçımız aydın şəkildə vurğuladı ki, infrastrukturun yenidən qurulması və bərpası işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin:
"O zaman sual oluna bilər ki, həm maliyyə imkanlarımızın, həm də yerli şirkətlərimizin olduğu halda cənab Prezident nədən bu təklifi irəli sürdü? Bu suala cavab verməzdən əvvəl gəlin podratçı fəaliyyətin mahiyyətinə diqqət edək. Podratçı növündən – baş podratçı və subpodratçı olmasından asılı olmayaraq, müqavilə əsasında ödəniş qarşılığında mallar göndərən, işlər görən, yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxs deməkdir. Başqa sözlə, podratçı olaraq, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işlərinə cəlb edilən bütün yerli və xarici şirkətlər gördükləri işlərin qarşılığından müqavilələr üzrə ödənişlərlə təmin ediləcəklər".
E.Əmirov qeyd edib ki, amma belə işlərdə uğurlu podratçı seçmək göründüyü qədər sadə proses deyil. Podratçı seçərkən daha çox 4 amilə əsaslanaraq seçim edilir. Bunlar təcrübə, zaman, qiymət və keyfiyyətdir. Yəni podratçı icra edəcək işlər üzrə lazımı təcrübəyə malik olmalı, yeni texnologiyaları tətbiq etməlidir. O, həm də vaxtında işləri tamamlamalıdır, eyni zamanda işin keyfiyyət göstəriciləri yüksək olmalıdır:
"Deməli, cənab Prezidentin bu çağırışında iqtisadi mənfəət güdməkdən daha çox orada görüləcək işlərdə keyfiyyət göstəricilərinin yuxarı olması, işlərin vaxtında tamamlanması, rəqabət mühitinin formalaşması, yeni təcrübələrin tətbiq edilməsi məqsədi dayanır. Bütün bu sadaladıqlarım iqtisadi kateqoriyaya aid olan məqsədlərdir. Lakin bu təklif eyni zamanda özündə çox vacib bir siyasi məqsədi daşıyır. MDB məkanında olan respublikaların əksəriyyəti bizim üçün siyasi "stakeholder" (maraqlı tərəf-red) ölkələrdir. Onlar vətən müharibəsində torpaqlarımızın azad edilmə prosesində iştirak edə bilməsələr də, proseslərə daxilən biganə deyillər. Bu respublikaların hər birinin bu proseslərdə az və ya çox şəkildə öz maraqları, eyni zamanda prosesin sonrakı mərhələlərində inkişaf istiqamətinə dair gizli bir istəkləri vardır. Cənab Prezident məhz bu təkliflə çıxış edərək, bu respublikaları adi bir siyasi "stakeholder"dən işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işlərinin icraçısına çevirmiş olur. Bu isə o deməkdir ki, cəlb ediləcək bu qeyri-rezidentlər və onların mənsub olduğu respublikalar siyasi proseslərin növbəti mərhələlərində bizim mənafeyimizi daha aktiv dəstəkləyən tərəfə çevrilə bilər.
MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyevin öz çıxışı zamanı Azərbaycanın dostluq münasibətləri saxladığı ölkələrin başçılarına müraciət edərək onların şirkətlərinin də bu layihələrdə podratçı kimi fəal iştirak etməyə səsləməsi bu layihələrin icra edilməsi üçün Azərbaycanın gücünün çatmaması və kənardan kömək istəməsi kimi qiymətləndirlməməlidir. Çünki ölkə başçımız aydın şəkildə vurğuladı ki, infrastrukturun yenidən qurulması və bərpası işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin.