Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 17:15
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Niderland Krallığının Parlamenti tərəfindən qəbul edilmiş qərəzli qətnamələrə dair açıqlama verib.
XİN-dən Sonxeber.net-a verilən məlumata görə, açıqlamada deyilir:
"Son dövrdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələrin qəbul edildiyini müşahidə edirik.
Belə ki, 7 oktyabr tarixindən etibarən Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə birtərəfli xarakter daşımaqla, əsassız və qərəzli iddiaları əks etdirmiş, açıq anti-Azərbaycan və anti-türk mövqeyi sərgiləmişdir. 17 dekabr tarixində qəbul olunmuş "Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı" qətnamədə yenidən həqiqət təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar əks olunur.
Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edir və ölkənin Nümayəndələr Palatasını birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq.
Niderland, eləcə də parlamentləri qərəzli mövqe nümayiş etdirən digər Avropa dövlətləri qərəzli mövqe nümayiş etdirərək ədavəti alovlandırmaq yerinə, 10 noyabr tarixli birgə bəyanatla bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verə bilər".