Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 18:08
Psixoloqların dediyi kimi, futbol hərbi əməliyyatların sublimasiyasıdır. Amma həmişə yox. 51 il öncə futbol minlərlə insanın öldüyü müharibəyə səbəb olmuşdu. Torpaqlar işğal olunmuş, minlərlə insan qaçqın düşmüşdü... Film ssenarisinə bənzəsə də, bu, reallıqdı.
Hücum, əks-hücum, taktiki gediş, müdafiə... - yəqin ki, bu ifadələr sizə yaxşı tanışdı. Bunlar həm müharibə, həm də futbol kontekstində işlənən sözlərdir. "Futbol müharibəsi"nin başlanğıcı 1969-cu ilə, dünya çempionatının seçmə mərhələsinin oyunlarının keçirildiyi dönəmə təsadüfə edir. Honduras millisi əlavə vaxtın son anlarında Salvadora məğlub olmuşdu. Onsuz da, miqrasiya problemləri, sərhədlərin düzgün təyin olunmaması səbəbindən sözügedən iki ölkə arasında vəziyyət ürəkaçan deyildi. Hər iki ölkə diktatorlarının bir-birini sevməməsi isə məsələni daha da kritikləşdirirdi. Bardağı daşıran son damla isə futbol oldu. Belə seçmə mərhələ matçı nə əvvəl olmuşdu, nə də sonra bənzərinə rast gəlinəcəkdi.
DAŞ VƏ ÖLÜ SİÇANLAR
Hər iki ölkəyə mütləq qələbə lazım idi. Əks halda dünya çempionatından kənar qalacaqdılar. İlk matç iyunun 8-də Hondurasın paytaxtı Tequsiqalpada keçirildi. İki ölkə arasındakı gərginliyi nəzərə alan Salvador millisi, şəhərdə daha az vaxt keçirmək üçün yalnız oyundan bir gün öncə oraya yollanmışdı. Salvadorlu futbolçuların qaldığı otel honduraslılar tərəfindən mühasirəyə alınmışdı. Gecə boyu otaqlara daşlar atıldı. Belə deyək: oyunçulara səhərə kimi yatmağa imkan verməmişdilər. Nəticədə oyuna yorğun halda çıxan qonaqlar 0:1 hesabı ilə məğlub oldular. Bu nəticəni Salvadorda faciə kimi qəbul etdilər.Hətta generallardan birinin 18 yaşlı qızı intihar etdi.
Cavab qarşılaşmasından öncə Honduras yığmasını əsl cəhənnəm gözləyirdi. Bu dəfə onların qaldığı otel salvadorlular tərəfindən mühasirəyə alınmışdı. Qonaqlar üçün ayrılmış otaqlara daş, su şüşəsi, hətta ölü siçanlar belə atılırdı. Bütün gecəni otelin damında keçirmək məcburiyyətində qalan Honduras yığmasının futbolçuları 0-3 hesabı ilə məğlub oldular. Oyun zamanı azarkeşlər Hondurasın bayrağını yandıraraq rəqib ölkəni təhqir etmişdilər. Hadisədən illər sonra, qonaqların məşqçisi həmin gün qələbə qazanacaqları təqdirdə, meydandan sağ çıxma ehtimallarının olmadığını bildirmişdi. Ev-səfər prinsipi, qol fərqi nəzərə alınmadığından, tərəflər arasında üçüncü oyun keçirilməli idi.
Bu dəfə oyun Meksikada baş tutdu. Əlavə vaxtın son saniyələrində qol vuran Salvador millisi dünya çempionatına vəsiqəni təmin etdi. Oyundan sonra Meksika polisi hər iki tərəfin azarkeşlərini sakitləşdirmək üçün xeyli əziyyət çəkmişdi.
MÜHARİBƏNİN BAŞLANĞICI
Salvador balaca, sıxlığın çox olduğu ölkə idi. Honduras isə nisbətən kasıb, ərazisinin genişliyinə rəğmən, həmin dönəmdə daha az məskunlaşmanın olduğu tərəf idi. 1967-ci ildə ABŞ-ın nəzarəti altında hər iki ölkə arasında İkitərəfli İmmiqrasiya Konvensiyası imzalanmışdı. Bu qərardan sonra 300 minə yaxın salvadorlu miqrant Hondurasa köçmüşdü. Hondurasın yerli sakinləri bunu heç də xoş qarşılamamışdılar. Bunu nəzərə alan o zamankı diktator bütün Salvador kəndçilərinin ölkələrinə qayıdacaqlarına dair söz vermişdi. Salvadorlular isə bunu arxadan vurulan zərbə kimi qiymətləndirmişdilər. Nəticədə honduraslı qonşuları ilə münasibətləri daha da pisləşmişdi.
AVİASİYA VƏ ZİREHLİ TEXNİKA
1969-cu ilin 14 iyul tarixində, günortadan sonra müharibə başladı. Salvador Hərbi Hava Qüvvələri hücuma keçdi. Onlar həm də sərnişin təyyarələrinin bortlarına bombalar bağlayaraq hücumlar edirdilər. Hondurasın aerodromları dağıdılmış, Tequsiqalpada yerləşən Beynəlxalq Hava Limanı məhv edilmişdi. Bu səbəbdən də Honduras HHQ-i vaxtında hücumlara cavab vermək iqtidarında deyildi. Salvador ordusu piyadalar və zirehli texnikalarla hücüma keçərək 8 kilometrlik ərazini zəbt etmişdi. Artıq hədəf paytaxt idi. Amma iyulun 16-da Hondurasın HHQ-i Salvadoru bombalamağa başladı - əsas da neft mədənlərini.
İyulun 18-də Amerika Dövlətləri Təşkilatının təkidi nəticəsində tərəflər arasında atəşkəs elan olundu. Avqust ayında isə Salvador öz qoşunlarını geri çəkdi. 4 gün davam edən müharibədə 3 minə yaxın insan öldü. Minlərlə honduraslı evlərindən didərgin düşdü. Salvadorlu miqrantlar məcburən öz vətənlərinə qayıtmalı oldular. Onları orda nə gözləyən var idi, nə də kömək etmək niyyətində olan biriləri. Futbola görə başlamış müharibənin sülh sazişinin imzalanması düz 11 il çəkdi. Sözügedən ölkələr arasındakı gərginlik indiyə kimi davam edir. Məsələn, 2013-cü ildə Honduas və Salvador rəhbərləri yenidən müharibə edəcəklərinə dair açıqlamalar vermişdilər.
"Futbolun insanları birləşdirmək kimi bir özəlliyi var" - deyirlər, amma bizim nümunəmizdə minlərlə honduraslı və salvadorlu bu oyun səbəbindən başlayan müharibədə canlarından oldular. Təəssüf ki, futbol həmişə siyasətdən kənar qala bilmir. (qol.az)