Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 15:42
Bakı. Ceyhun Ələkbərov - Trend:
Heydər Əliyev Fondu və "Bravo" supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən əsgərlərimizə bayram sovqatı kompaniyası davam edir. Aksiya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.
Trend-in məlumatına görə, Vətənin keşiyini çəkən hərbi qulluqçularımıza dəstək kompaniyasının növbəti ünvanı Ağdamın Mollalar kəndi olub. Dekabrın 25-də baş tutan aksiyada 100-lərlə əsgərə bayram sovqatı paylanılıb.
Azərbaycan Ordusunun qalib əsgərləri məhz işğaldan azad olunmuş ərazilərdə xidmət etdikləri üçün fəxr hissi duyduqlarını dilə gətiriblər. Onlardan bir neçəsi arxa cəbhədə onları tək qoymayan Azərbaycan xalqına öz təşəkkürlərini bildiriblər.
Oruclu Abbas Şahlar oğlu:
"Öz adımdan və hərbçi yoldaşlarım adından Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edib Cənab Ali Baş Komandana və Birinci Vitse-Prezidentə "çox sağ" ol deyirəm ki, bu günlərdə bizi yaddan çıxarmırlar. Bayramqabağı bizi diqqətdə saxlayırlar, döyüşçülərə fəxri adlar, medallar verirlər.
Ön xəttə xidmət etmək şərəfli hisdir. Hər birimiz uğurlu döyüş yolu keçdik və bununla qürur duyuruq. Bu gün artıq Azərbaycan əsgəri Ağdam və digər işğaldan azad edilən ərazilərin hər birində xidmətini davam etdirir”.
Rəhimov İsgəndər İmran oğlu:"
"Mən də hərbçi yoldaşımın sözlərinə qatılaraq öz təşəkkürümü bildirmək istəyirəm. Bu günə kimi arxa cəbhədə bizi tək qoyman, dəstək verən, yardımlar göstərən hər bir kəsə minnətdarlığımı bildirirəm. Döyüşlərdə çəkdiyimiz bütün əziyyətin qarşılığı olaraq bizi yadlarından çıxartmırlar, ona görə də çox sağ olun.
Artıq iki ildir xidmət edirəm, döyüş vaxtı da müəyyən tapşırıqları yerinə yetirdik və müharibədən qalib ayrıldıq. Çox şərəfli bir hisdir, neçə ildir bu torpaqların həsrətində olmuşuq. Hazırda da əhval-ruhiyyəmiz çox yüksəkdir, xidmət də davam edir”.
Məmmədzadə Aslan Ziyadxan oğlu:
"Döyüşlərə Tərtər rayonundan könüllü qoşulmuşam. Sentyabrın 21-dən təlim məşqlərinə çağırılıldım, daha sonra müharibə zamanı Xocavənd istiqamətində və Suqovuşanda döyüşmüşəm.
Əhaval-ruhiyyəmiz hazırda çox gözəldir, kimlər ki, bizi unutmur, yardım edirlər, onlara öz təşəkkürümü bildirirəm".