Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rövşən Məmmədov AzTv-də ötən il ərzində görülən işlər və növbəti ildə olacaq yeniliklərlə bağlı jurnalistlərə məlumat verib

Rövşən Məmmədov AzTv-də ötən il ərzində görülən işlər və növbəti ildə olacaq yeniliklərlə bağlı jurnalistlərə məlumat verib

Tarix: 29 Dekabr 2020 15:06

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov onlayn mətbuat konfransı keçirib. İlk dəfə idi ki, milli telekanal rəhbəri media təmsilçilərinin suallarını birbaşa canlı olaraq cavablandırırdı

Trend-in məlumatına görə, daha çox ötən ilin yekunlarına həsr olunan konfransda kifayət qədər təkliflər də oldu. Jurnalistləri maraqlandıran əsas suallar isə qarşıdakı ildə Televiziyadakı yenliklərə aid idi.

Dövlət Televiziyasının sədri Vətən müharibəsi dövründəki fəaliyyəti uğurlu saymaqla yanaşı müəyyən çatışmazlıqların da olduğunu qeyd edib. Sədrin sözlərinə görə hərbi jurnalistika inkişaf etdirilməlidir və yeni ildə bu istiqamətdə işlər görüləcək. AzTV yeni hərbi jurnalistlərin yetişdiriməsini qarşıya məqsəd qoyub:
“Yalnız hərbi sahədə deyil, istənilən bir ekstremal şəraitdə jurnalistlərimiz özlərini necə aparmalıdır? Jurnalistlərin bu istiqamətdə inkişaf etməsinə çalışacağıq. Ən əsas məqsədimiz hərbi jurnlaistlərin yetişdirilməsidir”.

2021-ci ildə görüləcək işlərdən danışarkən Rövşən Məmmədov işğaldan azad olunmuş ərazilərdə müxbir məntəqələrinin yaradılmasını da deyib:

“Azərbaycan Televiziyası- Şuşa”-nı eşitməyi hər birimiz arzulayırıq. Eləcə də digər işğaldan azad olunan torpaqlarımızda bürolarımızın olması, əlbəttə, ən böyük arzumuz idi. Buna bir imkan yarandı. Bu mənada bu gün işğaldan azad olunan ərazilərdə müxbir postunun açıqlmasına nail olacağıq. Amma məlum səbəblərdən hazırda bu mümkün deyil. Hələlik yalnız çəkilişlər edəcəyik”.

Rövşən Məmmədov əlavə edib ki, xarici ölkələrlə ortaq yayım təşkil ediləcək:

“Türkiyənin bir neçə kanalı ilə AzTV arasında ortaq yayımı olub. Bu niyyət davam etdiriləcək. Yalnız Türkiyə ilə deyil, Rusiya və digər xarici ölkələrlə də bu layihəni davam etdirilməsi nəzərdə tutulur. Avropanın müxtəlif televiziyalarından da Azərbaycana mütəxəssislərin dəvət olunması gözlənilir. Bununla yanaşı xarici intellektual-əyləncəli verilişlərin milli anoloqu hazırlanacaq. AzTV-nin uzun illər ərzində yaranan forma və məzmununun yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər gedir. Daha dinamik verilişlərin olması və aparıcıların efirə gətirilməsi planlaşdırılıb. Pandemiya bu dəyişikliklərin aparılması sürətinə təsir etsə də, işlər davam edir. Burada əsas məqsəd - baxımlı verilişlərlə daimi tamaşaçı sayını artırmaqdır. Yeni ilin ilk ayından etibarən Azərbaycan Televiziyasının yeni efir otağından yayıma başlanacaq. AzTV-nin HD yayıma keçməsi üçün işlər aparılır”.

Perspektivdə uşaq kanalının fəaliyyəti nəzərdə tutulur:

“Bunun üçün yeni layihə hazırlanması istiqamətində işlər gedir. Amma bu çox ciddi bir layihədir, 4-5 ilə bu hələ təkmilləşəcək. Burada həm də güclü heyət lazımdır. Uşaq televiziyasının açılması daha çox maliyyə tələb edir. Bir cizgi filminin bir dəqiqəsi üçün böyük vəsait tələb olunur. Biz istəmirik xarici cizgi filmlərini dublyaj edib yayımlayaq. Bizim öz milli uşaq televiziyamız yaradılmalıdır”.

AzTV 2021-ci ili yeni bədii şura ilə fəaliyyətə başlayacaq:

“Bu gün AZTV-nin bədii şurası aktiv fəaliyyət göstərir. Bədii şuranın hər bir üzvü ilə əlaqəm var. Bəzən televiziyada hər hansı çıxışla əlaqədar şura üzvü dərhal mənə yazır. Bədii şuranın iki illik fəaliyyət müddəti bitib”.

Sədr onu da əlavə edib ki, 2021-ci il AzTV üçün yeni kadrların təkmilləşdirilməsi ili olacaq:
“Azərbaycan Televiziyası hər zaman bir məktəb olub. Yen kadrlar yetişməlidir. Biz gənc kadrları yetişdirib, sonra onları efirə buraxacağıq”.

Dövlət telekanalının rəhbəri əməkdaşların sosial rifahı məsələsinə də toxunub. O, İşçilərin maaş və qonorarının artırılması üçün iş aparıldığını və 2019-20-ci illərdə 4 milyondan çox vəsait maaş və qonorarlara əlavə edildiyini deyib.

Rövşən Məmmədovun konfransdakı fikirlərini sistemləşdirsək, məlum olur ki, 2021-ci ildə AzTV əsas 3 istiqaməti prioritet götürəcək: kadrlar potensialının keyfiyyətcə yenilənməsi, yayım əhatəsinin və vizual təsvir keyfiyyətinin artırılması, xarici televiziya şirkətləri ilə ikitərəfli əməkdaşlığın qurulması.

Artıq baxımlı bir kanala çevrilən AzTV dövlət televiziyası kimi həm də xalqın kanalı oldu. Qeyd etmək lazımdır ki, AzTV-dəki islahatlar, yaradıcılıq sərbəstliyi və fikir müxtəlifliyi Dövlət televiziyasını cəmiyyətin bütün təbəqələrinin etibar etdiyi, baxdığı bir telekanala çevirdi. Dövlət kanalı heç zaman bugünkü qədər baxımlı olmayıb. AzTV-nin “Azərbaycan Televiziyası”na transformasiya olması, ictimaiyyətə dolğun məlumat ötürməsi onu həm də rəqabətə davamlı televiziyaya çevirib.


Etiketlər:  Rövşən Məmmədov AzTv ötən ərzində görülən işlər növbəti ildə olacaq yeniliklərlə bağlı jurnalistlərə məlumat verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ