Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 23:38
Quba rayonunun Zizik kəndindən olan şəhid baş gizir Şahin Allahyarovun yeni doğulan oğul övladı Qusar Rayon Mərkəzi Xəstəxanasından evə buraxılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ailəsi Şahinin vəsiyyətinə uyğun olaraq körpəyə qəhrəman döyüşçünün adını verib.
Şahin şəhidlik zirvəsinə yüksəlməzdən əvvəl çəkdiyi videosu ilə diqqət mərkəzinə düşmüşdü. O, həmin videoda həyat yoldaşı Kəmalə Allahyarovaya müraciət edərək şəhid olacağı halda, yeni doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi. Bu, Şahin Allahyarovun ikinci övladıdır. Qızı Aksananın iki yaşı var.
Körpənin xəstəxanadan çıxarılması münasibətilə Allahyarovlar ailəsini xəstəxananın kollektivi və Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi təbrik edib, atasının adını daşıyan körpə Şahin üçün hədiyyələr təqdim olunub.
Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Döyüşlər zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb və "Vətən uğrunda" medalı ilə təltif edilib.