Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nizaminin əlyazmalarının tapılmasına böyük diqqət ayırmalıyıq - İnstitut direktoru

Nizaminin əlyazmalarının tapılmasına böyük diqqət ayırmalıyıq - İnstitut direktoru

Tarix: 7 Yanvar 2021 09:15

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi imkanından yararlanaraq Nizaminin dünya kitabxanalarında, şəxsi kolleksiyalarda indiyədək bizə tanış olmayan əlyazmalarının tapılmasına çox böyük diqqət ayırmalıyıq və onların surətlərini axtarıb tapmalıyıq.

Bunu Trend-ə AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli deyib.

Onun sözlərinə görə, Nizami Gəncəvi dünya ədəbiyyatının və mədəniyyətinin çox az şəxsiyyətlərindən biridir. Prezident İlham Əliyevin Nizami Gəncəvi yaradıcılığına xüsusi əhəmiyyət verməsi heç də təsadüfi deyil. Nizami öz yaradıcılığı ilə yeni bir ədəbi hadisənin başlanğıcının əsasını qoyub.

"Nizami Gəncəvi təkcə Azərbaycan üçün deyil, dünya ədəbiyyatının inkişafında xüsusi rol oynayıb. Təbii ki, biz iki il əvvəl "Nəsimi İli"nin elan edilməsinə ədəbiyyatımız, mədəniyyətimiz, ictimai fikrimiz nə qədər sevinmişdisə, 2021-ci ilin də "Nizami Gəncəvi İli"nin elan edilməsinə o qədər sevinirik. Əminik ki, bu sərəncam Nizami Gəncəvi irsinin dünyada daha yüksək səviyyədə tanınmasında çox böyük əhəmiyyətə malik olacaq. Nizami irsinin öyrənilməsi yalnız Azərbaycanda həyata keçirilmir. Bu irs dünyada öyrənilir. Nizaminin əsərləri hələ onun öz dövründə ətraf regionda, Yaxın Şərqdə, eləcə də Türkiyədə yaxşı tanınırdı və Nizami irsi çox yüksək qiymətləndirilirdi. Nizami öz dövründə hətta uzaq Hindistanda belə çox yaxşı tanınırdı".

T.Kərimli qeyd edib ki, N.Gəncəvi bütün ömrü boyu öz doğma şəhəri Gəncədən kənara çıxmayıb. Onun bütün yaradıcılığı Azərbaycanla-Gəncə ilə bağlı olub. XII əsrdə Atabəylər dövlətinin inkişaf etmiş şəhərlərindən olan Gəncə kitabxanalarında antik dövrə aid çox qiymətli əsərlər olub ki, Nizami Gəncəvi də öz əsərlərində ondan istifadə edib.

Akademik bildirib ki, Nizami irsi Azərbaycan xalqının yetişdirdiyi qlobal ədəbi hadisədir. Nizaminin əsərlərinə hələ onun sağlığından nəzirələr yazılmağa başlanılıb və Nizami ədəbi məktəbinin davamı olaraq, bu proses indiyədək bütün dünyada davam edir.

T.Kərimli deyib ki, bu gün dünya humanizm fikrinin inkişafında Nizami irsinin xüsusi rolu var.

Nizaminin əlyazmalarının bütün dünyada yayıldığını deyən akademik əlavə edib ki, hətta ABŞ-da, İngiltərədə də Nizaminin əlyazmaları var. Azərbaycanda Əlyazmalar İnstitutunda Nizaminin onlarla əlyazması var ki, onların arasında Azərbaycan və Yaxın Şərq rəssamlarının çəkdiyi miniatürlər xüsusilə yüksək qiymətləndirilir:

"Bu baxımdan Azərbaycan nizamişünaslığının çox zəngin qaynağı var. Bu qaynaq da Əlyazmalar İnstitutunda toplanılıb".

Gəncədə də nizamişünaslıq istiqamətində böyük işlərin görüldüyünü xatırladan T.Kərimli deyib ki, AMEA-da bu irs geniş şəkildə araşdırılır.


Etiketlər:  Nizaminin əlyazmalarının tapılmasına böyük diqqət ayırmalıyıq İnstitut direktoru


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ