Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dünya Şuşanı və əsl sahibini indi daha yaxşı tanıyacaq"

Tarix: 7 Yanvar 2021 16:57

Prezident İlham Əliyevin Şuşanı mədəniyyət paytaxtımız elan etməsi, orada Vaqif poeziya günləri, Xarı Bülbül festivalının keçirilməsi ilə bağlı tapşırığı gözlənilən bir addım idi.

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti, professor Siyavuş Kərimi deyib.

Xalq artisti bildirib ki, yaxın zamanda Şuşa və digər işğaldan azad olunan ərazilərimizdə böyük layihələrin şahidi olacağıq:

"Cənab Prezidentin bu addımını çoxdan gözləyirdik, o da bunu bəyan etdi. Hamımız buna hazırıq, çünki 30 il işğalda olmuş torpaqlar artıq bu gün öz sahiblərinə qayıtdı. Bu gün bizim əsas silahımız artıq bizim mədəniyyətimizdir. Bir millət kimi, bir dövlət kimi bu gün bütün dünyaya öz mədəniyyətimizi bəyan etməliyik, təbliğ etməliyik. İndiyə qədər bu edilib, indi də Şuşa vasitəsi ilə bunu etməliyik. Şuşada festivalların, müsabiqələrin, mədəni layihələrin icrasından sonra bütün dünya mədəniyyət paytaxtımızı daha yaxından tanıyacaq. Bu gün internet əsrində yaşayırıq və beləcə dünya Şuşanı və əsl sahibini daha yaxşı tanımış olacaq.

Monte-Karlodakı festivallara, digər məşhur əcnəbi şəhərlərdəki müsabiqələrə baxır dünya, qoy indi də Şuşaya baxsınlar. Bunlar hamısı reallaşacaq. Biz yaxın zamanda Şuşa və digər işğaldan azad olunan ərazilərimizdə böyük layihələrin şahidi olacağıq. Bu layihələrdə, əlbəttə ki, mədəniyyət sahəsində xidmət edən bütün kəslər, bütün mədəniyyət sahələri, bütün sferalar hamısı çox fəal, çox peşəkar səviyyədə öz xidmətlərini göstərəcəklər və buna çoxdandır hazırlıq işləri də aparılır".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Dünya Şuşanı əsl sahibini indi daha yaxşı tanıyacaq


RƏYLƏR