Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 17:24
Bakı. Elçin Mehdiyev – Trend:
Bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan pandemiya və epidemiyaların qarşısının alınmasında, o cümlədən, yeni növ koronavirusla (COVİD-19) mübarizədə də peyvənddən səmərəli yol yoxdur.
Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, hələ də bu bəladan xilas olmadığımız hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv olması ilə nəticələnər:
“Bu baxımdan hələ də tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Onu da bildirməliyik ki, koronavirus, bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan dövlətinin əzmkarlığı, ardıcıl təxirəsalınmaz mübarizə tədbirləri, xalqımızın məsuliyyəti ilə bu sınaqdan çıxa bildik”.
Komitə sədri qeyd edib ki, görülən işlər və operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib, laboratoriyalar alınıb, həkimlər səfərbər olunub, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əmək haqlarının 3-5 misli həcmində maaş alırlar, bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi və s:
“Bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan pandemiya və epidemiyaların qarşısının alınmasında o cümlədən, yeni növ koronavirusla (COVİD-19) mübarizədə də peyvənddən səmərəli yol yoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş, videoformatda keçirilən müşavirədə bununla bağlı dövlət başçımız bildirdi ki, “Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq”.