Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Artıq diqqət silahlıların Qarabağ ərazisindən çıxarılmasına yönələcək''

''Artıq diqqət silahlıların Qarabağ ərazisindən çıxarılmasına yönələcək''

Tarix: 13 Yanvar 2021 15:15

"Moskvada keçirilən 11 yanvar görüşünün nəticələri Azərbaycan, Rusiya və Ermənistanın daha əvvəl imzaladığı üçtərəfli bəyanatın şərtlərinin gələcəkdə də yerinə yetirilməsi ilə davam edəcəyini göstərdi".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Ermənistanın irəli sürdüyü şərtlərin qəbul edilməməsi birmənalı olaraq Azərbaycanın müharibədən sonrakı dövrdə diplomatik uğurlarından biri sayılır:

"Təbii ki, bu görüşdə Ermənistan tərəfindən müharibənin sona çatdığı dövürdən sonra baş verən bir çox müxtəlif istiqamətli təxribatlara cavab tələb olundu. Düşünürəm ki, bu görüşün nəticələri Ermənistanın nəticələrinə və arzularına tamamilə zidd nəticələrlə başa çatdı. 26 noyabrda Azərbaycan tərəfinin hərbi əsir deyil, terrorçular kimi dəyərləndirdiyi və Sünikdən (Zəngəzur) Qarabağ ərazisinə göndərdiyi 62 nəfərlik təxribat qrupunun azad olunmasını tələb edən Ermənistan tərəfi buna nail ola bilmədi.

Status məsələsində də heç bir irəliləyiş əldə edə bilməyən Ermənistan rəhbərliyi görüşün gedişində və onun yekunlarında bir dəfə də olsun "Artsax" ifadəsini işlətmədi. Moskva görüşündə Ermənistanın irəli sürdüyü şərtlərin qəbul edilməməsi birmənalı olaraq Azərbaycanın müharibədən sonrakı dövrdə diplomatik uğurlarından biri sayılır.

Azərbaycan 10 noyabr bəyanatında da qeyd olunan nəqliyyat kommunikasiyalarının açılması istiqamətində bəlli bir irəliləyişə nail oldu. Bundan sonra qısa müddətdə səmərə verən və nəticəyə yönələn fəaliyyətlərin davam edəcəyi gözlənilir. Mehri vasitəsilə Türkiyə, Naxçıvan, Azərbaycanın əsas hissəsi Azərbaycan vasitəsilə Ermənistan İran və Ermənistan Rusiya nəqliyyat xətlərinin bərpası artıq demək olar ki, razılaşdırılmış bir həll səviyyəsinə gəlib çatdı.

Ümumilikdə isə artıq demək olar ki, Qarabağ münaqişəsi geridə qalıb. Bundan sonrakı fəaliyyətlər Azərbaycanın sərhədlərinin tamamilə möhkəmləndirilməsi, silahlıların Qarabağ ərazisindən çıxarılması və kommunikasiya xətlərinin açılmasına yönələcək.

Bəyanatı imzalayan 3 ölkə tərəfindən yaradılacaq üçtərəfli işçi qrup beynəxlalq daşımaların həyata keçirilməsi və yeni layihələrin hazırlanması üçün mühüm əhəmiyyət daşıyacaq. Bu qrupların birgə fəaliyyəti yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin birgə hazırlanmasına və reallaşdırılmasına təkan verəcək".

Təhməz Əsədov


Etiketlər:  Artıq diqqət silahlıların Qarabağ ərazisindən çıxarılmasına yönələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ