Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 18:34
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Türkiyənin "Poçt və Teleqraf Təşkilatı"nın (PTT) Baş direktoru arasında görüş keçirilib.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, R.Quluzadə Vətən müharibəsi dövründə göstərilən mənəvi və siyasi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.
"Cənab Prezidentin tapşırığı ilə biz hazırda işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına başlamışıq" - deyən nazir artıq Füzuli rayonundan tarixi Şuşa şəhərinə 1-ci dərəcəli yolun çəkilişinə başlanıldığını diqqətə çatdırıb. Ramin Quluzadə bildirib ki, bu layihəyə Türkiyə şirkətləri də cəlb olunub.
Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur və bu, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. "Smart city" layihələrinin icrası ilə bağlı hazırda tərəfimizdən dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır və görüləcək işlər, təbii olaraq, adıçəkilən ərazilərdə poçt sahəsinin də daha müasir tələblərlə inkişafına təkan verəcək".
Daha sonra tərəflər iki ölkə arasında poçt və maliyyə xidmətləri sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən "Azərpoçt" ilə PTT arasında imzalanacaq müqavilələr barədə fikir mübadiləsi aparıb.
Nazir qeyd edib ki, respublikamızın əlverişli coğrafi mövqeyi və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Avrasiya regionunda əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Nəticədə ölkələrarası elektron ticarət məhsullarının poçtla daşınması və çatdırılması sahəsində "Azərpoçt" MMC üçün də geniş imkanlar yaranıb:
"Məhz bu imkanlar çərçivəsində artıq 5 ildir Azərbaycan Poçtu elektron ticarət məhsullarının emalı və daşınmasına yönəlmiş regional tranzit poçt mərkəzi-HUB layihəsini həyata keçirir. Elektron ticarət məhsullarının "Azərpoçt"un Çindəki tərəfdaşlarından qəbul edilərək Bakıya - Heydər Əliyev Beynəlxalq Aeroportunun Logistika Mərkəzinə çatdırılması və burada "Azərpoçt" tərəfindən beynəlxalq poçt kimi emal olunaraq müvafiq təyinat ölkəsinə göndərilməsi təşkil olunur. Bu layihənin icrası zamanı Türkiyə Poçtu "Azərpoçt"un əsas tərəfdaşlarından biri olub".
Nazir iki ölkə arasında elektron poçt, ticarət və pulköçürmələri sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Qurumların bu gün imzalayacaqları sənədlər iki ölkə arasında daşınan poçt həcminin, mübadilə olunan pulköçürmələrinin artırılmasına şərait yaradacaq, eləcə də beynəlxalq e-ticarətin inkişafına töhfə verəcək.