Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 12:40
Bakı. İlhamə İsabalayeva - Trend:
Nizami Gəncəvini olduğu kimi tədqiq edən, onun həyat və yaradıcılığı ilə bağlı düzgün yanaşma və dəqiq faktları ortaya qoyan milli və əcnəbi nizamişünaslıq materiallarının xarici dillərə tərcümə olunub, nəşr olunaraq yayılmasına da böyük ehtiyac duyulur. Çünki yalnız bu şəkildə biz şairin həyat və yaradıcılığı ilə bağlı səhv müddəaların yayılmasının qarşısını ala, dünya elmi ictimaiyyətinə Nizamini olduğu kimi təqdim edə bilərik.
Bunu Trend-ə AMEA Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov deyib.
Onun sözlərinə görə, Nizami irsinin öyrənilməsi hələ şairin öz zamanında başlamış, əsrlər ötdükcə nizamişünaslıq şərqşünaslıq elminin bir mühüm sahəsi kimi formalaşmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq bu sahədə çox mühüm nailiyyətlər əldə olunsa da, hər sahədə olduğu kimi bu istiqamətdə də müəyyən problemlər var:
"Məsələn, nə qədər təəccüblü olsa da, hələ də xarici ölkələrin mətbuatında, ayrı-ayrı nəşrlərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyəti, onun doğum yeri haqqında əsassız müddəalar irəli sürülür. Bəzi müəlliflər ilkin mənbəyə əsaslanmadan, yaxud qaynaqları istədikləri kimi şərh etməklə şairin tərcümeyi-halı, mühiti və yaradıcılığı ilə bağlı müxtəlif absurd iddialarla çıxış edirlər. Qərəzli tədqiqatçılar hələ XX əsrin 40-cı illərində nüfuzlu milli və əcnəbi alimlərin tutarlı dəlillərlə təkzib etdiyi heç bir fakta söykənməyən əsassız fərziyələri təkrarlayır, gah Nizaminin Gəncədə yaşasa da, türk əsilli olmamasını, gah da əcdadlarının Gəncəyə İran dilli tayfaların yaşadığı ərazilərin birindən köçdüyünü sübuta yetirməyə çalışırlar".
Ə.Nəcəfov qeyd edib ki, bu sahədə mövcud problemlərdən biri də Nizami əsərlərini tədqiq edən müəlliflərin bəzilərinin orijinal mətnə söykənmədən müddəalarını tərcümələr üzərində qurmasıdır. Bu da onların çox vaxt səhv nəticələrə gəlmələrinə səbəb olur. Belə hallar baş verdikdə ölkəmizin son səksən ildə nizamişünaslıq sahəsində əldə etdiyi mühüm nailiyyətlərə kölgə salmış olurlar.
Alim əlavə edib ki, tədqiqatçıların əksəriyyəti şairin əsərlərinin, yəni “Xəmsə”yə daxil olan poemaların ötən əsrin 40-cı illərində tərtib olunan elmi-tənqidi mətnlərdən istifadə edir. Bu kitablar da çox nadir hallarda tapılır. Hazırda müstəqillik illərinin yaratdığı imkanlardan istifadə edib dünyanın müxtəlif ölkələrində qorunan Nizami əsərlərinin ən qədim əlyazmalarını tədqiqata cəlb etməklə mükəmməl elmi-tənqidi mətnini tərtib etməyə ehtiyac duyulur:
"Şairin əsərlərini ötən əsrin 2-ci yarısında doğma dilimizə olunan filoloji tərcüməsinin üzərində çalışıb, mövcud səhvləri təshih etmək və bədii tərcümələrdəki qeyri-dəqiq, hətta bəzən səhv tərcümələri imkan daxilində düzəltmək zərurəti var. Nizami lüğətinin tərtibi sahəsində ötən əsrin 80-ci illərində bir sıra mühüm addımlar atılsa da, hələ də bu iş tam yerinə yetirilməmiş qalır".