Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 12:03
Bakı. Trend:
Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin 11 yanvar tarixində başlayan online imtahan sessiyasının ilk həftəsi uğurla yekunlaşıb. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.
11-15 yanvar tarixlərini əhatə edən ilk beş imtahan günündə bakalavriat səviyyəsində 135 qrupda təhsil alan 2467 tələbənin 183 imtahanda iştirakı nəzərdə tutulub. Məsafədən keçirilən bütün imtahanlarda yalnız 7 tələbə iştirak etməyib. İmtahan vermiş 2460 tələbədən 47%-i 51-100 bal, 36%-i 71-100 bal və 17%-i 91-100 bal nəticə göstərib. Cəmi 4 tələbənin qeyri-kafi qiymət aldığı ilk imtahan həftəsində 9 tələbə Appelyasiya Komissiyasına müraciət edib.
Magistratura səviyyəsində 22 qrup üzrə ümumilikdə 44 imtahan keçirilib. 100% iştirakçılığın qeydə alındığı imtahanlarda magistrantların 30%-i 71-100 bal, 69%-i isə 91-100 bal nəticə göstərib.
Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Appelyasiya Komissiyasının məsafədən keçirilən imtahan prosesinə adekvat formada fəaliyyət göstərməsi təmin edilib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” və gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” və tələbələrdən ibarət “İmtahan könüllüləri” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayırlar. Mövcud reallıqlar nəzərə alınmaqla müvafiq güzəştlərin tətbiqi ilə müşayət olunan imtahan sessiyasının mütəşəkkil təşkilində tələbə təşkilatlarının fəal tələbələri də yaxından iştirak edirlər.
Universitetdə payız semestrinin imtahan sessiyası cari ilin 6 fevral tarixinədək davam edəcək.