Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

Tarix: 18 Yanvar 2021 17:22

Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb.

Sonxeber.net bildirir ki, bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Facebook" səhifəsində etdiyi paylaşımla məlumat verib.

"Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti video-çarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Çarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən "Məlik Əjdər" türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında video çarx təqdim olunub.

Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.


Etiketlər:  Laçının gəzməli görməli yerləri haqqında videoçarx hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ