Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 11:14
Rusiyada aşağı büdcəli yeni aviaşirkətlərin yaradılması planlaşdırılır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, yeni loukoster aviaşirkətləri Jukovski, Çelyabinsk və Kalininqrad hava limanlarında yerləşə bilərlər. Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bu məsələnin işlənməsi üçün müvafiq tapşırıqlarını verib, Federal Hava Nəqliyyat Agentliyinin ("Rosaviasiya") rəhbəri Aleksandr Neradko isə aviaşirkətlərdən təklif və inkişaf planlarının hazırlanmasını istəyib.
Aviaşirkətlərin nümayəndələri yanvarın 20-də "Rosaviasiya"nın iclasında məruzələrlə çıxı edəcəklər. Mütəxəssislər Rusiyada bir çox aviaşirkətin onsuz da loukost modeli üzrə fəaliyyət göstərdiyini bildirir. Buna görə yeni aşağı büdcəli aviaşirkətlərin yaratmaq yox, mövcud aviadaşıyıcılar üçün əlverişli şərait formalaşdırmaq lazımdır.
"Rosaviasiya"nın tədbirinə "S7 Airlines", "Ural Airlines", "Utair", "Red Wings", "Azimut" və "Yamal" kimi aviaşirkətlər dəvət olunub. "Aeroflot" sözügedən iclasa dəvət almayıb, belə ki, onun tərkibinə aşağı büdcəli "Pobeda" aviaşirkəti daxildir.
İclasda ucuz tariflərlə daşımalarda ixtisaslaşmış yeni hava yollarının yaradılması və ya mövcud olanların bazasında müvafiq seqmentin yaradılmasının məqsədəuyğunluğu müzakirə ediləcək. Tədbirdə həmçinin aşağı büdcəli aviaşirkətlərin istismarı üçün əlverişli rejimin yaradılması məqsədilə lazımi tədbirlərin müzakirəsi planlaşdırılır.
Xatırladaq ki, dünya bazarında loukosterlərin payı 2019-cu ildə 32,9% təşkil edib.