Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 16:42
Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 21-də "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Hörmətli Qurbanqulu Məlikquluyeviç, nəqliyyat sahəsində əməkdaşlığımızı Siz artıq qeyd etdiniz. Bu əməkdaşlıq həm bizim ölkələr, həm də qonşularımız üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq.
Türkmənistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Sizin şəxsi xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Ona görə ki, tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fəaliyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir. Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq".