Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir

“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir

Tarix: 22 Yanvar 2021 14:44

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Biz artıq real nəticələri görürük. Bu mənada Azərbaycanla Türkmənistan arasında imzalanan “Dostluq” yatağı üzrə sazişi tarixi hadisə kimi qiymətləndirməliyik.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu sənəd Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir:

“Bu, ilk növbədə iki ölkə arasında yüksk səviyyəli münasibətlərin göstəricisidir. Elə yatağın “Dostluq” adlandırılması da rəsmi Bakı ilə Aşqabad arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə əsaslandığını göstərir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın müasir standartlara malik infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Beləliklə, neft və qaz ixracatçısı olan Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artacaq, ölkəmizin nəqliyyat-tranzit potensialının möhkəmlənməsi üçün əlverişli şərait yaranacaq”.

K.Nurullayeva qeyd edib ki, sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın daha da genişlənməsinə rəvac verir:

“Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Təbii ki, layihənin beynəlxalq və regional əhəmiyyəti də kifayət qədərdir. Bu sazişin imzalanması həm də Xəzərin sülh və əməkdaşlıq hövzəsi olduğunu təsdiqləyir, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə töhfə verir. Bununla Xəzər regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi və xarici investorların bu layihələrə cəlb edilməsi üçün yeni imkanlar yaranır.

Məlumdur ki, saziş 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində imzalandı. Bu da Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin nümunəsi kimi səciyyələdirilməlidir”.


Etiketlər:  Dostluq sazişi Azərbaycanın neft strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ