Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 17:18
Bakı. Trend:
21 yanvar 2021-ci il tarixində “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən “Böyük Qayğı” Proqramının onlayn təqdimatı keçirilib.
Trend xəbər verir ki, proqramın əsas məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə edərək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıdaraq, gənclərin Vətən üçün döyüşən insanlara rəğbətini əməldə göstərməkdir. Belə ki, seçilmiş şəhər və rayonlar üzrə formalaşdırılacaq mobil könüllü qrupları gündəlik əsaslarla qazilərimizi ziyarət edəcək, onların asudə vaxtının daha maraqlı təşkili, eləcə də tədbir və təlimlərdə iştirakı, müxtəlif yerlərə getmələrinə yardımçı olacaqlar. Həmçinin xüsusi günlərdə qazilərin iştirakı ilə maraqlı görüş və tədbirlər təşkil ediləcək.
Proqrama cəlb edilən bütün könüllülər sosial həssas qruplarla işləmə bacarığı ilə bağlı təlimlərdə iştirak edəcək və fəaliyyətləri zamanı zəruri olacaq ləvazimatlarla təmin ediləcəklər.
Təqdimatda Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, “Böyük Qayıdış” Gənclər Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndələri, qazilər və 200-dən artıq gənc iştirak etmişdir. Çıxış edənlər müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun tarixi qələbəsi, həmçinin dövlət başçısının tapşırığı əsasında müxtəlif dövlət qurumları tərəfindən Vətən müharibəsi iştirakçılarının dəstəklənməsi tədbilərindən danışdılar. Bu xüsusda, gənclər tərəfindən qazilərimizə birbaşa sosial xidmət göstərmək imkanı yaradan “Böyük Qayğı” Proqramına dəstək ifadə olundu.
Tədbirdə gənclərlə interaktiv müzakirələr təşkil olundu və Proqramda iştirakla bağlı müraciətlər qeydiyyata alındı.
“Böyük Qayıdış” Gənclər Təşkilatının məqsədi müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesində gənclərin səfərbər edilməsi, şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, dövlət və cəmiyyət arasında körpü, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi təşkil edir. Təşkilat fəaliyyətində müvafiq dövlət qurumları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, KİV-lər və özəl qurumlar, eyni zamanda müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağı nəzərdə tutub.
“Böyük Qayğı” Proqramına qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər boyukqayidish.az saytı və İctimai Birliyin sosial media hesabları vasitəsilə əlaqə yarada bilərlər.