Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 15:21
"Robert Köçəryan faktiki olaraq diktatordur".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, Paşinyanın əvəzinə hakimiyyətdə Robert Koçaryan və yaxud Serj Sarkisyan da olsaydı Ermənistan məğlub olacaqdı:
"Köçəryanın hakimiyyətə gəlməsi prosesi göstərib ki, bu adam güc vasitəsindən istifadə etməklə dövlət çevrilişi edərək Ermənistanın I prezidenti Levon Ter-Petrosyanı devirib. Yəni, Köçəryan faktiki olaraq qaydalardan kənar hərəkət edərək öz gücündən istifadə edir və çalışır ki, Ermənistan hakimiyyətində öz qüvvələrini yerləşdirsin. Sonralar, parlamentin güllə-baran edilməsi, Karen Dəmirçiyan başda olmaqla parlament rəhbərliyinin aradan götürülməsi, 2008-ci il martın 1-də dinc nümayişçilərə qarşı istifadə etdiyi zorakılıq göstərdi ki, bu adam həqiqətən də diktatordur. İndi onun fonunda Nikol Paşinyan təbii ki, həm demokrat, həm də sabit bir siyasətçi kimi görünür.
Düzdür, Paşinyana irad tuturlar ki, Azərbaycana məğlub oldu. Amma Azərbaycana məğlub olmaya bilməzdi. Əgər hakimiyyətdə Robert Köçəryan və yaxud Serj Sarkisyan olsaydı belə, onsuz da Ermənistanın məsələsi həll olunacaqdı. Azərbaycan uzun illər idi öz torpaqlarını azad etməkdən ötrü bütün hazırlıqlarının hamısını həyata keçirmişdi. Onsuz da Ermənistan hakimiyyəti işğalçılıq siyasətini davam etdirəcəkdisə, axırı yox idi".
T.Abbasov deyib ki, Robert Köçəryan Ermənistan üçün heç bir müsbət tendensiya vəd etmir:
"Köçəryan faktiki olaraq hərbi xuntanın liderlərindən biridir, diktatordur. Ermənistan siyasi aləmində onun tətbiq etdiyi vasitələr hamısı onu göstərir ki, bu adam Ermənistanın çiçəklənməsinə yox, onun dağılmasına aparan bir siyasətçidir. İndi, o, təsadüfi deyil ki, yenidən meydana gəlib. Çalışır Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırsın və göstərsin ki, güya, o, ölkəni idarəetmədə daha çevik, daha funksional bir mexanizmi bilir və onu istifadə edə bilər. Amma əslində isə biz gördük ki, Nikol Paşinyan bütün erməni rəhbərlərinin hamısının fonunda daha çox birinci Prezident Levon Ter-Petrosyana bənzəyir. Eyni metodlardan istifadə edir. Paşinyanın bacarığı, biliyi və istifadə etdiyi metodlar hamısı göstərir ki, bu adam ölkədə demokrtaik prinsiplərin bərqarar olmasını özü üçün rəhbər tutur.
Köçəryan indiki vəziyyətdə Nikol Paşinyana qarşı bütün qüvvələrin ayağa qalxdığından istifadə edərək, uğur qazana bilər. Ancaq məsələ ondadır ki, onun hakimiyyətə gəlməsi Ermənistanın ağrılı, dərin problemlərinin həllinə heç bir imkan verməyəcək. Çünki bu adam özü mənfur adamdır, cinayətkardır. Robert Köçəryan Ermənistan üçün heç bir müsbət tendensiya vəd etmir".
Təhməz Əsədov