Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2019 10:32
Bakı. İlhamə İsabalayeva - Trend:
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Astara rayonunda keçirəcək.
Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, Səyyar Klinika aprelin 27-28-də Astara şəhərində pasiyentlərə tibbi xidmət göstərəcək. Aksiyanın məqsədi Astara sakinlərini müayinə və müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, lazım olduğu zaman cərrahiyyə əməliyyatı etməkdir.
Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Klinikanın həkim və orta tibb briqadası vaqonda bir gün ərzində 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin