Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmənin dağıtdığı evlər yenidən tikilir - FOTO

Düşmənin dağıtdığı evlər yenidən tikilir - FOTO

Tarix: 1 Fevral 2021 13:08

Ötən ilin sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində Beyləqan rayonunda da mülki əhaliyə, evlərə, mənzillərə ziyan dəyib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən evlərə, təsərrüfatlara baxış keçirib. Dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib edilib. Bir neçə gündür Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən evlərin tikintisi və bərpası işlərinə başlanılıb. Hazırda yeni inşa ediləcək fərdi evlərin bünövrəsi qazılır və beton işləri görülür. Tikinti işləri ilə əlaqədar əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub, inşaat materialları gətirilib.

Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri müsbət qiymətləndirirək, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Erməni hərbçilərinin yaşayış məntəqələrini atəşı tutması nəticəsində evi dağılmış rayon sakini Ceyhun Kazımov deyib: "Erməni ordusunun oktyabrın 3-də Beyləqanı raket atəşinə tutması nəticəsində evimiz uçub. Həyat yoldaşım və üç övladım xəsarət almışdıq. Sağ olsun dövlətimiz, bizə hər cür dəstək oldu. Artıq bizim üçün beşotaqlı evin tikintisinə də başlanılıb. Bütün bunlara görə, Prezidentimizə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində ölkəmizin bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının nəzdində yaradılmış müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar tərəfindən qısa müddətdə, ümumilikdə, 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılması üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Artıq 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlanılıb.


Etiketlər:  Düşmənin dağıtdığı evlər yenidən tikilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ