Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2019 18:52
Bakı. Trend:
2019-cu il iyul ayının 19-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə“Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilmiş analitik yazı müsabiqəsinin nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir təşkil edilib.
Trend-in məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov, Mətbuat Şurasının üzvləri, müsabiqəyə qatılan jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ş.Mövsümov iştirakçılara ARDNF-nin 20 illik fəaliyyəti barədə məlumat verib. Müsabiqənin nəticələrindən danışan İcraçı direktor müsabiqəyə təqdim edilən 31 yazının Mətbuat Şurası və ARDNF-nin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildiyini bildirib. Ş.Mövsümov qeyd edib ki, bir sıra yazıların qiymətləndirmə nəticələri yaxınlıq və ya eynilik təşkil etdiyindən mükafatlandırmada müvafiq dəyişikliklər edilib. Bununla da mükafatlandırmada 1 nəfərə 1-ci yer, 2 nəfərə 2-ci yer, 3 nəfərə 3-cü yer və 10 nəfərə həvəsləndirici mükafatın təqdim edilməsi qərara alınıb.
Tədbirdə çıxış edən Əflatun Amaşov bildirib ki, jurnalistlər üçün keçirilən belə müsabiqələr jurnalistikada ixtisaslaşmanı dərinləşdirir. Azərbaycan milli mətbuatının ictimai həyatdakı roluna toxunan Ə.Amaşov onu da qeyd edib ki, 22 iyul Milli Mətbuat günü öncəsi jurnalist əməyinin qiymətləndirilməsi ümumilikdə mətbuatımıza dəyərdir. Buna görə də Neft Fonduna təşəkkürünü bildirib.
Sonda müsabiqə qaliblərinin adları açıqlanıb və onlara mükafatlar təqdim edilib.
Ümumilikdə 31 jurnalistin iştirak etdiyi müsabiqədə “Kaspi” qəzetinin əməkdaşı Məğrur Əliyev 1-ci yerə, “Azərbaycan” qəzetinin əməkdaşı Flora Sadıqova və “Region Plus” jurnalının əməkdaşı Nurlanə Quliyeva 2-ci yerə və “İki sahil” qəzetinin əməkdaşı Cavid Əkbərov, “Economic News Agency” informasiya agentliyinin əməkdaşı İlhamə Abdullayeva və “Yeni Müsavat” qəzetinin əməkdaşı Dünya Camalova 3-cü yerə layiq görülüblər.
Eyni zamanda, “Moderator.az” saytının əməkdaşı Seymur Əliyev, “İki sahil” qəzetinin əməkdaşı Ceyhun Piriyev, “Fins.az” saytının əməkdaşı Tuncay Türbəndəzadə, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Mübariz Abdullayev, “İqtisadiyyat” qəzetinin əməkdaşı Mətanət Hüseynova, “Xalq” qəzetinin əməkdaşı Paşa Əmircanov, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Qaşqay Ramazanov, “Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli, “525-ci” qəzetin əməkdaşı Sevinc Cəfərova və “CBC” telekanalının əməkdaşı Vəfa Quliyeva həvəsləndirici mükafatlarla təltif ediliblər.
Tədbir iştirakçıları Fondun inzibati binası və muzeyi ilə tanış olublar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin