Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 10:09
Bakı. Samir Əli - Trend:
Bakıda qətl hadisəsi baş verib. Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə fevralın 1-də saat 18 radələrində baş verib. 1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Ehtibar Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.