Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 11:03
Bakı. Trend:
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 12 nəfərdən ibarət 3 dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Seyfəlli kənd sakini Qələndər Qasımov və Çinarlı qəsəbə sakini Nicat Səfiyev rayon ərazisində 4 fərdi yaşayış evi və bir mağazaya xüsusi vasitələrlə qeyri-qanuni yolla daxil olaraq müxtəlif məişət avadanlıqlarını, ərzaq, tütün və alkoqol məmulatlarını oğurlayıblar. Daha sonra onlar, rayon sakinləri - Elcan Süleymanov, Həsən Cabbarov, Zahir Məmmədov, Samir Namazov və İmamverdi Məmmədzadə ilə cinayət əlaqəsinə girərək oğurladıqları əşyaların satılmasını təmin ediblər. Dəstə üzvləri maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat nəticəsində rayon ərazisində tikinti materialları və avadanlıqları oğurlamaqda şübhəli bilinən 3 nəfərdən ibarət daha bir dəstəni zərərsizləşdirilib. Belə ki, rayon sakinləri Bahadur Hacıyev, Eynur Məmmədov və Natiq Məmmədov əvvəlcədən planlaşdıraraq rayon ərazisindəki yaşayış olmayan fərdi yaşayış evlərindən birinə qeyri-qanuni yolla daxil olaraq oradan döşəmə üçün örtük, elektrik ağac mişarı, naqil və s. tikinti ləvazımatlarını oğurlayıblar. Həmin şəxslər oğurladıqları əşyaları satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri-Əlixan Qasımov və Elçin Əsgərovun Şəmkir rayon ərazisində qara metal alqı-satqısı ilə məşğul olan zaman, vətəndaşlara məxsus metal tərkibli müxtəlif əşyaları oğurdaqları məlum olub. Maddi sübutlarla birlikdə saxlanılan Ə.Qasımov və E.Əsgərov istintaqa təhvil verilib.
Hər 3 faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.