Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2019 12:15
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə təşkil edib.
Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç deyib.
Y.Kosyançiç bildirib ki, Avropa Gənclər Yay Olimpiya Festivalı hər il daha böyük rəğbət qazanır və artıq bir ənənə halını alıb. O bildirib ki, indiyə qədər bu yarışlar uğurla təşkil edilib: "Bakıda da bu festivalın uğurla keçiriləcəyinə inanıram. Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var".
Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin