Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 11:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, bugündən ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədrisə start verilib.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018, V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub.
BŞTİ-nin rəhbərliyi və əməkdaşları təhsil müəssisələrində əyani tədris prosesinin təşkili vəziyyəti ilə tanış olub.
Bakıda əyani təhsil V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, xüsusi məktəblərin I-IX siniflərində isə həftədə 5 dəfə təşkil olunur.
Qeyd edək ki, əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, məktəblilər arasında sosial məsafənin qorunması təmin olunur.
Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.