Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 14:39
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bu gün artıq 4 tibb işçisinə peyvəndin ikinci dozası vurulub.
Bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanova bildirib. Onun sözlərinə görə, gedişat birinci mərhələyə uyğun olaraq aparılacaq:
"Bu gün səhər saat 9-dan poliklinikada vaksinasiyanın ikinci mərhələsinə start verilib. Bu proses birinci mərhələdə cəlb olunan tibb işçilərinə aiddir. Bir həftə ərzində 127 nəfər heyyətin ikinci doza ilə peyvəndlənməsi nəzərdə tutulur".
S.Aslanova qeyd edib ki, gedişata uyğun olaraq sabah 20 nəfər peyvəndlənəcək:
"Bu gün mən daxil olmaqla 4 nəfərə vaksin vurulub, sabah isə artıq 20 nəfər peyvəndlənəcək. 65 yaşdan yuxarı vətəndaşların da peyvəndlənməsi davam edir, gün ərzində 30-40 nəfər vaksinasiya olunur".
Qeyd edək ki, Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini alır. Mərhələli şəkildə ölkəyə gətirilən vaksinlərin ilkin mərhələdə 65 yaşdan yuxarı insanlar, tibb işçiləri, polis əməkdaşları və digər risk qruplarından olan şəxslərə vurulmasına başlanılıb. Vaksin 28 gün fasilə olmaqla iki dozada vurulur.