Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 23:26
Əhəmiyyətli dərəcədə çoxəsrlik müstəmləkəçilik və köləlikdə kök salmış irqçilik indiyədək aradan qaldırılmayıb. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İqtisadi və Sosial Şuranın (EKOSOS) iclasında onun sədri Münir Əkrəm və BMT-nin Baş katibi Antonio Quterres, pandemiya dövründə özünü həmişə olduğundan daha çox göstərən müasir irqçilik və ayrı-seçkilik formalarına göz yummamağa çağırıblar.
Onlayn keçirilən EKOSOS nazirlər toplantısı irqçilik, ksenofobiya və dözümsüzlüklə mübarizəyə həsr olunmuşdu. BMT Baş katibi Antonio Quterres iclasın iştirakçılarına müraciət edərək, hər kəsi, heç bir tərəddüd və qeyd-şərtsiz, "mahiyyətcə ortaq insanlığı və BMT Nizamnaməsinin əsas prinsiplərini inkar edən" hər hansı bir irqçiliyin təzahürünü pisləməyə çağırıb.
"Irqçilik və irqi bərabərsizlik hakimiyyət institutlarına, ictimai strukturlara və gündəlik həyata nüfuz etməyə davam edir. Niyə? Bugünkü irqçilik əhəmiyyətli dərəcədə çoxəsrlik müstəmləkəçilik və köləlik tarixində kök salıb. Nəsildən-nəslə irqi qeyri-bərabərlik, xüsusən də Afrika mənşəli insanlara qarşı, onlarda dərin travma və böyük əzablara səbəb olur", - deyə BMT rəhbəri vurğulayıb.
Antonio Quterres əmindir ki, bu gün sadə qınama kifayət deyil, çünki irqçilik mürəkkəb bir mədəni fenomendir və ona qarşı mübarizə bütün səviyyədə gündəlik fəaliyyət tələb edir.
Bərabərliyə aparan ən yaxşı yolun maarifləndirmə olduğunu söyləyən Quterres təəssüf hissi ilə qeyd edib ki, bu gün dünya "maarifləndirmə sonrası" dövrünə qədəm qoyur, tolerantlıq və qarşılıqlı hörmət kimi dəyərlər keçmişdə qalır.
""Bunun əvəzində biz daha çox millətçilik, populizm, ksenofobiya, neo-nasizm, ağ irqin üstünlüyü barədə iddiaları görürük. Bütün bu məntiqsiz təzahürlərin mərkəzində irqçilik durur", - deyə A.Quterres söyləyib. O, müsəlmanlar əleyhinə nifrət və xristian azlıqlara qarşı təcavüzün artması hallarından narahat olduğunu bildirib.
"Bu ideoloji döyüşdə biz ortaq dəyərlərimizi - bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi, qarşılıqlı hörmət dəyərlərini qorumalıyıq. İnsan hüquqlarının həyata keçirilməsi ilə birbaşa əlaqəli dəyərlər", - deyə BMT rəhbəri vurğulayıb. O, irqçilik və ksenofobiyanın sosial-iqtisadi ölçüyə sahib olduğunu da əlavə edib. Məhz onlar təhsil və səhiyyə sahəsində ciddi bir maneədirlər.
İclasın bir çox iştirakçısı bərabərsizliyin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə ciddi maneə olduğunu söyləyib. Onlar COVID-19 pandemiyasının dərin köklər salmış irqi ayrı-seçkiliyi daha çox üzə çıxardığını vurğuladılar.
"COVID-19 pandemiyası ərzaq məhsulları, təhsil, səhiyyə, mənzil, eləcə də ədalət mühakiməsinə çıxışda mövcud bərabərsizliyi aşkar etdi. Böhran ksenofobiya və ayrı-seçkiliyi daha çox üzə çıxarır", - deyə EKOSOS-un sədri, Pakistanın BMT-dəki daimi nümayəndəsi Münir Əkrəm bildirib.
Bu fikrin təsdiqlənməsi olaraq BMT-nin Baş katibi Antonio Quterres, bəzi hallarda marginal qruplardan olan insanlar arasında COVID-19-dan ölüm göstəricilərinin, əhalinin qalan hissəsinə nisbətən üç dəfə çox olduğunu qeyd edib.
"Pandemiyanın təsiri cinsi, yaş, sinif, kasta və dini mənsubiyyət, cinsi oriyentasiya, azlıqlara aid olması, insanların iqtisadi və hüquqi vəziyyətinə görə ayrı-seçkilik səbəbindən daha da güclənir", - deyə A.Quterreş bildirib.
EKOSOS prezidenti və BMT rəhbəri, pandemiyadan sonrakı bərpa prosesi dövründə cəmiyyətin bütün təbəqələrinin maraqlarına uyğun davamlı inkişafa əsaslanan yeni ictimai müqaviləyə üz tutmağa çağırıblar. Görüş iştirakçılarının fikrincə məhz belə bir müqavilə cəmiyyətlərin və bütövlükdə dünyanın sosial birliyinə gətirməlidir.
Nazirlər də daxil olmaqla bir çox çıxış edənlər Qərb ölkələrində qaradərili vətəndaşlara qarşı polis qəddarlığı məsələsini qaldırıb.