Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 13:40
"Təəssüf ki, bizim aidiyyatı qurumlar Bakıda qara elə ilk saatlardan təslim olublar. Bunu biz illərdir görürük. Bu gün də bunun bir daha şahidi olduq ki, aidiyyatı qurumlarımız bu cür hava şəraitinə uyğun hazırlıq görmürlər".
Bunu Sonxeber.net-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Ekspert bildirib ki, metro bağlı olduğundan bütün yük avtobusların üzərinə düşüb:
"Normal, günəşli havada texnikaları çıxarıb müəyyən yerdə nümayiş etdirirlər ki, biz hazırıq. Amma gecə qar başlayandan 2 saat sonra artıq Bakı şəhərində onlarla yol nəqliyyat hadisəsi baş verdi, yollar buz bağladı, heç kim də gözə dəymədi. Səhər açılanda da kommunal təsərrüffat birliyinin əməkdaşlarının hərəsinin əlinə bir bel verib, küçələrə göndərirlər. Bu da olur bunların yol təmizləməsi. Açıqlama verirlər ki, əsas küçə və yollar təmizlənib. Əsas küçə və yollardan biri də yeni Səlyan yoludur. Cənub istiqamətindən, Bibiheybət məscidindən şəhərin giriş, çıxış nöqtəsidir. Burada bir dənə texnika yoxdur.
İstənilən halda sürücülər bəzi texniki vasitələrdən istifadə edib, təkərlərə plastik, yaxud da dəmir zəncirlər vurmaqla yola çıxırlar. Sadəcə, bizdə hava şəraiti 2-3 gün bu cür davam etsə, Bakıda hərəkət iflic olacaq. Çox dəhşətli mənzərənin şahidi olarıq. Görünür tanrının bizə rəhmi gəlir. Bilir ki, aidiyyatı qurumlar hazırlıqlı deyil, ona görə Bakıya tez-tez qar yağmır. Bu qar deyil amma, çovğunla müşahidə edilən balaca yağıntıdır. Yarım metr, 1 metr qar düşmür ki, deyək biz bunu təmizləyə bilmirik. Bir neçə sm qar yağıb, çovğun onu dağıdır ətrafa, temperatur da düşdüyü üçün dərhal buzlayır. Və bunun öhdəsindən gələ bilmirlər.
Əslində bütün yollar nəzarətə götürülməli idi. Yolların kənarlarına qum və duz ehtiyatları əvvəlcədən yığılmalı idi ki, bunların texnikası onsuz da çox deyil, heç olmasa kommunalın işçiləri küçəyə çıxanda bel ilə o qumu, duzu yollara rahat yaya bilsinlər. İndi bütün ictimai nəqliyyat iflic olub. Onsuz da metro bağlı idi, bütün yük də düşüb avtobusların üzərinə, aləm qarışıb bir-birinə. Avtobuslarda, hərəkətlərində onsuz da adi günlərdə sıxlıq müşahidə olunurdu. Bakı bir neçə saatın içində qara təslim oldu".
Təhməz Əsədov